Şəkinin daha iki yaşayış məntəqəsinə təbii qaz verilib

Şəkinin daha iki yaşayış məntəqəsinə təbii qaz verilib
# 19 sentyabr 2013 17:44 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkinin daha iki yaşayış məntəqəsinə təbii qaz verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən rayonun Dodu məhəlləsinin Novruz küçəsində və şəhərin yeni salınmış 124-cü məhəlləsinin qazlaşdırılması işi artıq başa çatdırılıb.

Bu münasibətlə keçirilən açılış mərasimlərdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Yaqub Mahmudov, “Azəriqaz” İB-nin nümayəndəsi Azər Ağayev, müvafiq təşkilat nümayəndələri və yerli sakinlər iştirak edib. Tədbirdə çıxış edən Elxan Usubov və digər natiqlər evlərə yeni qaz xəttlərinin çəkilməsi münasibət ilə sakinləri təbrik ediblər. Tədbirdə bildirilib ki, cari ilin əvvəlində rayonda abonentlərin sayı 19 min 407 nəfər idi. Hazırda isə rayonda 20 min 504 abonent təbii qazdan istifadə edir. Bütün abonentlərə qaz sayğacları quraşdırılıb. Rayonda əhali abonentləri üzrə qazlaşma 60 faizdən yuxarıdır. Tədbirdə o da qeyd edilib ki, Dodu məhəlləsinin Novruz küçəsində yeni mənzil inşa edən 50 sakinə bu gündən mavi yanacaq veriləcək. Eyni zamanda şəhərin 124-cü məhəlləsinin 166 sakinindən 40-nəfəri də bu gün təbii qazla təmin olunublar. Hazırda rayonun Baş Zəyzid, Oxud və Kiş kəndlərinə qaz xətlərinin çəkilişi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR