Azərbaycanın 2013-cü ilin 9 aylıq dövlət büdcəsinin icrasında 1,6 mlrd. manatlıq profisit yaranıb

Azərbaycanın 2013-cü ilin 9 aylıq dövlət büdcəsinin icrasında 1,6 mlrd. manatlıq profisit yaranıb
# 08 oktyabr 2013 09:07 (UTC +04:00)

«APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin büdcənin icrasına dair operativ məlumatında deyilir.

Beləliklə, bu ilin 9 ayında dövlət büdcəsinin mədaxili 13 786,2 mln. manat proqnoza qarşı 3,9% artıq icra olunub və ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,4% artıb.

Hesabat dövründə Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozuna 104,7% əməl edilib, dövlət büdcəsinə 4 929,9 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,2% çoxdur. Həmin vəsaitin 55,4%-i və ya 2 732.0 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb ki, bu da 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,3% çoxdur. Bu ilin 9 ayında Dövlət Gömrük Komitəsi proqnoza 100,2% əməl edərək büdcəyə 1 011,7 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,8% çoxdur. Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 339,9 mln. manat vəsait transfer edilib. Sair daxilolmalardan nəzərdə tutulandan 2,2 dəfə çox - 48,5 mln. manat daxil olub.

Bu ilin 9 ayında dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 91,0% və ya 12 719,7 mln. manat, ötən ilin eyni dövrü ilə müqayisədə isə 14,9% çox icra olunub. İqtisadi təsnifata uyğun olaraq bu ilin 9 ayında dövlət büdcəsi xərclərinin 27,8%-i və ya 3 530,0 mln. manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən eyni dövrü ilə müqayisədə 4,8% çoxdur. Funksional təsnifata uyğun olaraq iqtisadi fəaliyyətlə bağlı xərclərə (Sahibkarlığa Kömək Milli Fondu, «Aqrolizinq» ASC, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi, özəlləşdirmədən qabaq müəssisələrin sağlamlaşdırılması, İpoteka Fondu) 1,8 dəfə (108,3 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 27,8% (1 060,3 mln. manat), nəqliyyat və rabitə xərclərinə 26,2% (12,7 mln. manat), müdafiə xərclərinə 16,8% (133,8 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət əlaqədar xərclərə 15,6% (25,1 mln. manat), səhiyyə xərclərinə 8,9% (33,7 mln. manat), sosial müdafiə və sosial təminat xərclərinə 2,3% (30,9 mln. manat), təhsil xərclərinə 1,8% (16,0 mln. manat) çox vəsait yönəldilib.

Bu ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 960,0 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,1% çoxdur. Bu mənbədən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, müharibə əlilləri, şəhid ailələri üçün yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 1 277,0 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 3 683,0 mln. manat vəsait yönəldilib.

Qeyd edək ki, bu ilin 9 ayında icmal büdcənin gəlirləri 16 929,0 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 4,0% çoxdur. İcmal büdcənin xərcləri 14 399,4 mln. manat icra olunub ki, bu da 2012-ci ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR