Türkiyəli naşirin İbad Hüseynova həsr etdiyi romanın təqdimatı olub

Türkiyəli naşirin İbad Hüseynova həsr etdiyi romanın təqdimatı olub
# 07 aprel 2014 09:28 (UTC +04:00)

Bakı-APA. Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan bayrağı” ordenli İbad Hüseynova həsr olunmuş sənədli cizgi romanının silsilə təqdimatları keçirilib.

“Hədəf Nəşrləri”ndən APA-ya verilən məlumata görə, Azərbaycan, türk və rus dillərində nəşr olunmuş "İbad” sənədli cizgi romanının müəllifi Suat Turqut, Azərbaycan dilinə tərcüməçisi Şəmil Sadiq, redaktoru Rüfət Əhmədzadədir.

Birinci təqdimat mərasimi aprel ayının 4-də Bakı Atatürk Mərkəzində, ikinci təqdimat və imza günü isə Kitabevim.Az kitab marketində baş tutub.

Tədbiri giriş sözü ilə açan filoloq, “Hədəf” Kurslarının baş direktor müavini Elxan Nəcəfov bildirib ki, türkiyəli naşir Suat Turqutun cizgi romanları ilə bağlı öz ölkəsində gördüyü işlər sırasına İbad Hüseynova aid kitabı da daxil etməsi Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi kimi qeyd olunmalıdır.

“Azərbaycan bayrağı” ordenli müharibə iştirakçısı İbad Hüseynov ona verilən dəyərə görə hər kəsə təşəkkür edib.

“2023 Yayımcılık” şirkətinin İdarə Heyəti sədri, “İbad” romanının naşiri Suat Turqut bildirib ki, sağlam gəncliyin formalaşmasında bu tip kitabların böyük rolu var.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq qeyd edib ki, Qarabağ müharibəsindəki qəhrəmanlıqları ilə məşhur olan İbad Hüseynova həsr olunmuş bu romanda yalnız Qarabağ müharibəsi yox, Azərbaycan, Türkiyə və ümumiyyətlə, türk dünyasının tarixində baş verən önəmli hadisələrə toxunulub, böyük şəxsiyyətlərdən söz açılıb.

Daha sonra tanınmış bəstəkar Tahir Əkbər də çıxış edərək, “İbad” romanı və onun qəhrəmanından danışıb. Çıxışlardan sonra “İbad” romanının imzalanma mərasimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR