Prezident İlham Əliyev İordaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib

Prezident İlham Əliyev İordaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib
# 19 noyabr 2014 10:48 (UTC +04:00)

Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Nassar Al-Habaşnehin etimadnaməsini qəbul edib.


APA-nın xəbərinə görə, səfir Nassar Al-Habaşneh fəxri qarovul dəstəsinin qarşısından keçərək, etimadnaməsini prezident İlham Əliyevə təqdim edib.


Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Nassar Al-Habaşneh İordaniya Kralı II Abdullahın salamlarını dövlət başçısına çatdırıb. O, ikitərəfli əlaqələrin möhkəmləndirilməsində Azərbaycan prezidenti İlham Əliyevlə İordaniya Kralı II Abdullah arasında mövcud olan dostluq münasibətlərinin önəmini vurğulayıb. İordaniyalı diplomat ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.


İordaniya Kralı ilə yaxşı dostluq münasibətlərinin olduğunu vurğulayan dövlət başçısı İlham Əliyev II Abdullah ilə Azərbaycanda, İordaniyada və müxtəlif beynəlxalq sammitlərdə, konfranslarda görüşlərini məmnunluqla xatırlayıb. Azərbaycanla İordaniya arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu deyən prezident İlham Əliyev əlaqələrimizin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsinin önəmini qeyd edib.


Prezident İlham Əliyev II Abdullahın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR