Bələdiyyə seçkilərində “exit-poll” keçirəcək təşkilat qeydə alınıb

Bələdiyyə seçkilərində “exit-poll” keçirəcək təşkilat qeydə alınıb
# 11 dekabr 2014 13:32 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi bələdiyyə seçkilərində “exit-poll” keçirəcək. APA-nın xəbərinə görə, mərkəzin bununla bağlı müraciətinə Mərkəzi Seçki Komissiyasında (MSK) baxılıb.

Məsələ barədə məlumat verən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi 8 seçki və referendumda “exit-poll” keçirib və müvafiq təcrübəli kadrlara, texniki avadanlıqlara malikdir. O deyib ki, mərkəz bələdiyyə seçkilərində 400 seçki məntəqəsində “exit-poll” keçirmək istəyir. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi gün ərzində 4 dəfə sorğunun nəticələrini açıqlayacaq, ən son nəticə isə saat 20:00-da açıqlanacaq.

MSK üzvü Akif Qurbanov isə qeyd edib ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin maddi-texniki bazasının nəyə əsaslandığı, “exit-poll” keçirmək üçün nə qədər vəsait ayırdığı məlum deyil. N. Məmmədov cavabında ilk növbədə insan resurslarına baxmağın lazım olduğunu söyləyib: “Bu baxımdan “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin problemi yoxdur. Vəsait ayırılması ilə bağlı MSK-nın təlimatında tələb əksini tapmayıb. Sorğunun keçirilməsi üçün normativ baza olmalıdır. “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin belə bazası var. Büdcəsinə gəlincə, təlimat bizə imkan vermir ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzində qanunsuz yoxlama aparaq. Biz bu qurumu bu prosesə müvafiq sayırıqsa, nəzərə almalıyıq ki, bu qurum indiyə qədər bu işlə məşğul olubmu, açıqladığı nəticələr necə olub, işinin öhdəsindən necə gəlib. “ELS” Müstəqil Araşdırmalar Mərkəzi birinci dəfə deyil ki, bu prosesə qoşulur. Obyektivliyinə şübhə doğuracaq hər hansı məqam olmayıb” .

Məsələ səsverməyə qoyularaq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR