Sankt-Peterburqda Asiya-Avropa Forumunun yüksək səviyyəli konfransı keçirilir

 Sankt-Peterburqda Asiya-Avropa Forumunun yüksək səviyyəli konfransı keçirilir
# 04 iyul 2014 09:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Sankt-Peterburq şəhərində mədəniyyətlərarası və dinlərarası dialoq üzrə Asiya-Avropa Forumunun (ASEM) yüksək səviyyəli konfransı keçirilir.

APA-nın Rusiya bürosunun məlumatına görə, konfransın işində ASEM iştirakçı ölkələrinin müvafiq nazirlik və qurumlarının rəhbərləri, din xadimləri, Rusiyanın mədəniyyət və xarici işlər nazirliklərinin nümayəndələri, habelə mədəniyyət, incəsənət və elm xadimləri iştirak edirlər.

Konfransın əsas məqsədi dinlərarası və sivilizasiyalararası dialoqun formalaşması, Avropa və Asiya cəmiyyətləri arasında qarşılıqlı anlaşmanın qurulması, müxtəlif mədəni və dini ənənələrin qarşılıqlı konstruktiv fəaliyyətinin təmin olunması üçün ümumi platformanın yaradılması və s. məsələlər daxildir.

Tədbirdə Rusiya xarici işlər nazirinin müavini İqor Marqulov, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, habelə xristian, islam və yəhudi icmalarının təmsilçiləri çıxış ediblər.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışı zamanı tədbir iştirakçılarına DHƏF-in yaranma tarixi və fəaliyyəti haqda məlumat verib. Səfir Fondun siyasətlə məşğul olmadığını vurğulayaraq mədəni əlaqələrin inkişafına xidmət edən humanitar layihələrin önə çəkdiyini söyləyib.

P. Bülbüloğlu Azərbaycanda dövlət tərəfindən dini icmalara verilən dəstək barədə də danışıb. Səfir qeyd edib ki, Azərbaycan prezidentinin göstərişi ilə dövlət vəsaiti hesabına pravoslav mədəni mərkəz, sinaqoq inşa edilib və təmənnasız olaraq dini icmaların istifadəsinə verilib.

Səfir bu gün dünyanın “burulğan” zonasında olduğunu və orta əsrlərdə olduğu kimi münaqişələrdə qan axıdıldığını qeyd edərək, ASEM ölkələrini dövlətlərarası münaqişələrin ədalətli həlli üçün beynəlxalq təşkilatlarda daha fəal olmağa çağırıb.

Qeyd edək ki, ASEM dünyadakı əsas dinləri təmsil edən ölkələrin açıq beynəlxalq forumdur. ASEM-də 30 Avropa və 21 Asiya ölkəsi yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR