Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib - FOTO

Batumidə Gürcüstan-Türkiyə-Azərbaycan biznes forumu keçirilib - <span style="color: red;">FOTO
# 06 mart 2015 18:08 (UTC +04:00)

İqtisadiyyat və Sənaye Nazirliyindən APA-ya verilən məlumata görə, Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumunda Azərbaycan rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, logistika, konsaltinq, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub. Ümumilikdə isə biznes forumda 100-dən çoxu Azərbaycandan olmaqla, hər üç ölkədən 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib.

Əvvəlcə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək Gürcüstanın xarici investorlar üçün açıq olduğunu, Azərbaycan və Türkiyə iş adamlarının ölkəsinə sərmayə qoymalarını yüksək dəyərləndirdiyini qeyd edib. Baş nazir biznes forumun, keçirilən görüşlərin qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev öz çıxışında qeyd edib ki, dövlət başçılarının siyasi iradəsi, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri, hər üç ölkənin iqtisadiyyatında müşahidə edilən davamlı inkişaf, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti, ölkələrimizin əlverişli coğrafi mövqeyə və böyük tranzit imkanlarına malik olması, Bakı-Tbilisi-Ceyhan, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars, "Azərbaycan-Türkiyə-Gürcüstan Enerji Körpüsü" kimi strateji layihələr Azərbaycan-Türkiyə-Gürcüstan uğurlu regional əməkdaşlığını şərtləndirən başlıca amillərdir.

Nazir Şahin Mustafayev qeyd edib ki, hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 2600-dən çox, Türkiyədə isə Azərbaycan sərmayələri əsasında 1500-dən çox şirkət fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları 6,3 milyard ABŞ dolları, Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə 5 milyard ABŞ dollarından çoxdur. 2020-ci ilədək Türkiyəyə yatırılacaq investisiyaların 17-20 milyard ABŞ dollarına çatdırılması nəzərdə tutulur. Ölkələrimiz arasında ticarət dövriyyəsi də dinamik inkişaf edir. Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev deyib ki, Gürcüstanda Azərbaycan sərmayələri əsasında 340 şirkət, Azərbaycanda isə 235 gürcü şirkəti fəaliyyət göstərir. 1997-2014-cü illərdə Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 1 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. Gürcüstanın ticarət dövriyyəsindəki payına görə Azərbaycan 2-ci yeri tutur.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyini, bu sahədə iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, regionda həyata keçirilən irimiqyaslı layihələr ölkələrimizin iqtisadi gücünü daha da artırır. Bununla belə, regional əməkdaşlığın daha da genişləndirilməsi, mövcud potensialdan tam istifadə edilməsi yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən, Azərbaycanın işğal olunmuş torpaqlarının tam azad edilməsindən sonra mümkün ola bilər.

Biznes forum çərçivəsində Gürcüstan Milli İnvestisiya Agentliyinin direktoru Giorgi Pertaya, Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının baş katibi Mustafa Mente və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov təmsil etdikləri ölkələrin investisiya mühiti və biznes imkanlarına dair təqdimatlarla çıxış ediblər. Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Sonda hər üç ölkənin iqtisadiyyat nazirləri jurnalistlərin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR