Bank Of Baku

Deputat: Tibb işçilərinin sosial rifahının yüksəldilməsi səhiyyənin inkişafına xüsusi diqqətin təzahürüdür

Soltan Məmmədov, Milli Məclisin deputatı

© APA | Soltan Məmmədov, Milli Məclisin deputatı

# 02 sentyabr 2026 19:00 (UTC +04:00)

Tibb işçilərinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyənin inkişafına xüsusi diqqətinin növbəti təzahürüdür.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, cari il sentyabr ayının 1-dən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı ilə müxtəlif ixtisaslı həkimlərimizin əməkhaqlarının artırılması artıq uzun illərdir ki, davamlı inkişaf edən İcbari Tibbi Sığorta sisteminin təkmilləşdirilməsi və tibb işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində növbəti mühüm addımdır: “Bu artımlar İcbari Tibbi Sığorta sisteminin inkişaf etməsinə, ambulator xidmətin, ilkin səhiyyə xidmətinin və təcili tibbi yardım sisteminin gücləndirilməsinə və ən əsası regionlarda mövcud olan kadr çatışmazlığı problemlərinin həlli üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə xidmət edəcək. 72 min 212 tibb işçisini əhatə edəcək əməkhaqqı islahatı çoxşaxəli olaraq, həm seçilmiş ixtisaslar, həm görülən işin keyfiyyəti üzrə, eləcə də bəzi səhiyyə xidmətləri və regionlardakı həkimlərimizin iş rejimlərinin yaxşılaşdırılması, ixtisaslı həkimlərin regionlara cəlb olunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinə istiqamətlənib. İslahatlara müvafiq olaraq TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Bu gün bir sıra həkimlərimizin, xüsusilə də regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının, neonatoloqların, hemodializ həkimlərinin maaşlarının 60, 70 və hətta 100%-dək artırılması bu istiqamətdə olan xidmətlərin keyfiyyətlərinin artırılmasına, həkim fəaliyyətinin stimullaşdırılmasına səbəb olacaq. Eyni zamanda Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə əsasən əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək ki, bu isə tibb xidmətlərinə əlçatanlığı təmin edəcək”.

Deputat vurğulayıb ki, islahatlar çərçivəsində Təcili tibbi yardım xidmətində çalışan həkimlərin də əməkhaqlarında müvafiq artımlar müşahidə ediləcək. Məsələn, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində, habelə tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin maaşlarında 61% artım gözlənilir. Soltan Məmmədov mövcud islahatların ambulator sahədə çalışan sahə həkimlərini, həmçinin bir sıra tibb müəssisələrində baş tibb bacılarını, orta və kiçik tibb heyətini də əhatə etdiyini nəzərə çatdırıb: “36 min 41 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 min 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil ediləcək. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu kimi təşəbbüs və qərarları səhiyyə sahəsinin inkişafını təmin edir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR