Səhiyyə Nazirliyi dərman bazarında qıtlıq yaranması barədə məlumatlara aydınlıq gətirib

Səhiyyə Nazirliyi dərman bazarında qıtlıq yaranması barədə məlumatlara aydınlıq gətirib
# 06 oktyabr 2015 08:56 (UTC +04:00)

Bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O bildirib ki, apteklərdə bir təsiredici maddə üzrə müxtəlif ölkələrin, müxtəlif istehsalçıların dərmanları var: “Hər hansı bir ticari adla dərmanın aptekdə olmaması o demək deyil ki, dərman bazarında qıtlıq var. Dərman konkret adla olmaya bilər, ancaq təsiredici maddə üzrə nə qədər dərman preparatı var. Sadəcə, əczaçıya təsiredici maddəni deməklə bir neçə ölkənin, bir neçə istehsalçının istehsal etdiyi dərmanları almaq mümkündür”.

“Hər hansı bir ticari adla dərmanın aptekdə olmaması o demək deyil ki, dərman bazarında qıtlıq var"

P. Əzizbəyov qeyd edib ki, artıq Səhiyyə Nazirliyi tərəfindən həkimlərə reseptlərdə dərman vasitəsinin adı ilə birgə təsiredici maddəni də yazmaq tövsiyə olunub: “Bu ona görə tövsiyə edilib ki, problemlər ortaya çıxmasın”.

Qeyd edək ki, sentyabrın 15-dən Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş 25 təsiredici maddə üzrə (kombinə olunmuş dərman vasitələri istisna olmaqla) 1057 dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib.

Xatırladaq ki, Tarif (qiymət) Şurasının dünən keçirilən növbəti iclasında daha 1126 dərman vasitəsinin qiyməti təsdiqlənib. Bunlardan Şuranın əvvəlki qərarları ilə qiymətləri təsdiq edilmiş təsiredici maddə qrupuna aid olan 47 dərman vasitəsinin qiyməti 2015-ci il 6 oktyabr tarixindən, yeni təsiredici maddələr üzrə 1079 dərman vasitəsinin qiyməti isə 2015-ci il 1 dekabr tarixindən qüvvəyə minəcək.

İndiyədək 2183 dərman vasitəsinin qiymətləri tənzimlənib ki, bununla da satışda olan dərman vasitələrinin mövcud qiymətləri ilə müqayisədə 53% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 28% dərman vasitəsinin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə isə satışda olan dərman vasitələrinin 98%-i üzrə qiymətlər endirilib.

Şuranın müvafiq qərarlarına əsasən, hər qrup təsiredici maddələr üzrə yeni qiymətlərin qüvvəyə minmə tarixindən etibarən həmin qrupa aid olan, lakin qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız onların qiyməti təsdiq edildikdən sonra həyata keçirilə bilər.

Bununla yanaşı, daha 135 təsiredici maddəyə aid dərman vasitələri üzrə sənədlərin (bəyannamələrin) qəbulu elan edilmiş və oktyabr ayının 20-i sənədlərin qəbulu üçün son tarix olaraq müəyyən edilib.

Qərarlar və dərman vasitələrinin siyahıları Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Şuranın Qərarları" və “Dərman vasitələri” bölmələrində yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR