ADA Universitetində iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

ADA Universitetində iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 05 iyun 2015 08:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. ADA Universitetində “İqlim dəyişikliyinin səbəbləri və həlli yolları: hökumət tərəfindən görüləcək işlər, vətəndaş cəmiyyətinin öhdəlikləri və texnoloji həll yolları” adlı beynəlxalq konfrans keçirilir.

APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə ADA Universitetinin rektoru Hafiz Paşayev açıb.

H. Paşayev çıxışında bildirib ki, Fransa dövləti bu məsələdə aktiv rol oynayır: “Fransa 2015-ci il noyabrın 30-dan dekabrın 11-nə kimi Parisdə keçirilən BMT Çərçivə Konvensiyası tərəflərinin iqlim dəyişiklikləri üzrə 21-ci konfransına sədrlik edək. Bu məsələ müxtəlif dövlətlər arasında geniş müzakirə olunacaq. Bu gün ADA Universitetindəki görüş dekabrdakı konfransa hazırlıq kimi də qəbul edilə bilər. Biz universiteti layihələndirəndə ətraf mühit məsələlərinə çox diqqətli yanaşdıq. Çalışdıq ki, bizim kampus ətraf mühitin qorunmasını təmin edən bir kampus olsun. Universitetin qızdırılması və soyudulmasının 50 faizi yerin altından təmin olunur. Biz geotermal maddələrdən istifadə edirik. Biz eyni zamanda, enerji və ətraf mühit mərkəzi yaratmışıq. Biz daim bu məsələləri tələbələrimizə təşviq edirik”.

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye çıxışında qeyd edib ki, Rusiya havaya istixana effektli qaz buraxılışını 2030-cu ilə qədər 25-30 faiz, Avropa İttifaqı 2025-ci ilə qədər 35 faiz, ABŞ isə 2025-ci ilə qədər 26-28 faiz azaltmağı öz üzərinə götürüblər: “ADA mənim üçün yaşıl binanın bariz nümunəsidir. Siz tikinti və layihələndirmədə ətraf mühitə ziyan vermirsiniz. Bu, hər birimizin məsuliyyətidir. Hüseyn Bağırova təşəkkürümü bildirirəm. Bu tədbirin təşkilində nazirliyin əməkdaşları fəal rol oynayıblar. Azərbaycanda gözəl fauna və flora növləri var. Təəssüf ki, onların bir çoxu yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb. 2010-cu ildə Honkonqda Yaşıl Fond yaradılıb. Bu fonda iqlim dəyişikliyinə qarşı mübarizə üçün yaradılıb. Hazırda 33 ölkənin ianəsi hesabına fonda 10 milyard vəsait toplanıb. 1 milyard Fransa tərəfindən verilib. Biz iddialı və ümidliyik”.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxışında 2009-cu ildə Kopenhagendə BMT Çərçivə Konvensiyası tərəflərinin iqlim dəyişiklikləri üzrə 15-ci konfransı fiasko adlandırıb: “Fransa səfirinin təşəbbüsünü anlamaq olar. Kopenhagendəki fiaskonun səbəbi Rusiya, Çin, Hindistan kimi ölkələr deyildi. Bu ölkələr Qərb ölkələrinə xitabən deyirdilər ki, bazanı siz yaratmısınız, biz sizin çatdığınız məqama çatmamış bu öhdəlikləri öz üzərimizə götürə bilmərik. Burada hardasa bir məntiq var idi. Problem birtərəfli deyil. Problem hamının payına düşür. Dohada haradasa vəziyyətdən çıxış yolu tapıldı. Azərbaycan Doha protokolunu ratifikasiyadan keçirib. Düşünürəm ki, Parisdə buna yeni bir cəhd olacaq. Azərbaycan havaya istixana qaz buraxılışının 2030-cu ilə qədər 35 faiz azaltmağı öz üzərinə götürmək üçün iş aparır”.

Daha sonra BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Brok, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov çıxış ediblər.

Konfrans davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR