“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib - FOTO - VİDEO

“Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın-virtual səyahət”  3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 01 may 2015 11:29 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmlərinin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev bildirib ki, nazirliyin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi tərəfindən orijinal variantda ingilis dilində, həmçinin Azərbaycan və rus dillərində subtitrlərlə istehsal olunan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli filminin çəkilişində məqsəd Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası haqqında Ermənistan elmi dairələrinin və erməni diasporunun dünya ictimaiyyətini aldatmaq yönündə fəaliyyətlərinə qarşı mübarizəyə töhfə vermək, Qafqaz Albaniyasına məxsus tarixin, mədəni-maddi irsin, məbəd və kilsələrin, epiqrafik yazıların ermənilər tərəfindən saxtalaşdırılmasına dair elmi faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır: “Filmin hazırlanmasında Azərbaycan ərazisində olan, Azərbaycanın işğal olunan Qarabağ ərazisində və Ermənistan ərazisində qalan qədim dövlətlərimizdən olan Qafqaz Albaniyasına məxsus maddi-mədəni irsimiz-alban məbədlərinə aid orijinal kadrlardan istifadə olunub. Film ABŞ-dan olan Jason Vande Brake və Maggie Walsh tərəfindən səsləndirilib”.

N. Mehdiyev qeyd edib ki, “Virtual Qarabağ” İKT mərkəzinin növbəti məhsulu Azərbaycan və ingilis dillərində hazırlanan “Laçın - virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin Laçın rayonunun abidələri, küçələri qrafik təsvirlə sanki canlandırılır, bir növ tamaşaçı Laçın rayonuna virtual səyahətə çıxır.

Daha sonra “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər” sənədli və “Laçın – virtual səyahət” 3D qrafik təsvirli filmləri nümayiş etdirilib.

Təqdimatdan sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət Fəttah Heydərov deyib ki, tarixə bu cür səyahəti təsvir edən belə filmlərin çəkilməsinə ehtiyac var: “Bu gün dünyanın gözü Azərbaycandadır. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazanandan sonra böyük faciələrlə üzləşdi, torpaqlarının 20 faizi işğal olundu, 1 milyon qaçqın və məcburi köçkünümüz oldu. Bu faciələr böyük dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqına rəhbərlik etmədiyi dövrdə baş verdi. Bir neçə xalqın və dinlərin təmsilçilərinin sülh şəraitində yaşadığı Azərbaycana belə bir zərbə vuruldu. Qonşu torpaqlarında sığınacaq tapıb, sonra bu torpaqlara iddia edən erməniləri ifşa etmək üçün belə filmlərə ehtiyac var. Gənclərimizin bu gün bu həqiqətləri dərk etməsi və dünyada təbliğ etməsi müsbət haldır”.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu gün nümayiş etdirilən iki filmin yüksək dəyəri var: “Biz vaxtilə müharibəyə cəlb olunmuş, iqtisadi tənəzzülə uğramış dövlətdən inkişaf etmiş dövlətə çevrilmişik. Bu gün müstəqil dövlətimiz üçün əsas problem Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan torpaqlarının işğalıdır. Artıq informasiya blokadasından çıxmışıq. Ancaq bu gün də bəzi dövlətlər ikili standartlardan çıxış edir. Biz bundan sonra elmi, ictimai dairələrdə Azərbaycan həqiqətlərinin yayılmasını gücləndirməliyik. Müasir dövrün tələblərinə uyğun olaraq sənədli filmlər çəkilməlidir. İngilis dilində çəkilən bu filmlər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfə olacaq”.

Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdir müavini Tahir Süleymanov qeyd edib ki, hər iki film Azərbaycanın tarixinin, mədəniyyətinin, o cümlədən işğal olunmuş ərazilərdəki abidələrin tanıdılmasına töhfə verəcək: “Bu gün dünyada 2 min xalqın yalnız 10 faizinin dövləti var. Biz müstəqilliyimizə 24 il əvvəl qovuşmuşuq. Ancaq şimal və cənubu ayırmıram, Azərbaycanın cənubunda ilk dövlət Manna olub. Daha sonra cənubda Atropatena, şimalda Albaniya dövləti yaranıb. Albaniyaya həm də Dərbənd, Göyçə və Zəngəzur mahalı daxil idi. Qafqaz Albaniyası təxminən 1000 il mövcud olub, bu dövrdə böyük tarixi-mədəni abidələr yaradılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR