Səlim Müslümov: “Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir” - FOTO

Səlim Müslümov: “Azərbaycanda sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir” - <span style="color: red;">FOTO
# 18 oktyabr 2014 10:04 (UTC +04:00)

İki gün davam edəcək tədbirin Nazirlər Sessiyasında Azərbaycanın sədrlik etdiyi Avropa Şurası Nazirlər Komitəsinin adından əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, S. Müslümov bu tədbirin mövzusu olan sosial müdafiə və sosial birlik məsələsinin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik prioritetləri sırasında mühüm yer tutduğunu vurğulayıb. Nazir bu ilin sentyabrında ölkəmizin AŞ-na üzv dövlətlərdə Sosial Birlik üzrə Strategiya və Fəaliyyət Planının icrası üzrə konfransa ev sahibliyi etdiyini söyləyib: “Konfrans iqtisadi böhran dövründə sosial birlik və Avropa sosial modeli, Avropa cəmiyyətlərində müxtəliflik, daha inkluziv cəmiyyətlər üçün cari və gələcək problemlər kimi mühüm mövzuların müzakirəsi və həll yollarının müəyyən olunması baxımından səmərəli oldu. Biz bu məsələlərlə bağlı davamlı dialoqun əhəmiyyətinə inanır və bu baxımdan Azərbaycan hökumətinin AŞ-nın sosial birliyə məsul nazirlərinin növbəti konfransının Bakıda keçirilməsinə hazır olduğunu bir daha bildiririk”.

Nazir bu gün sosial hüquqların təmin olunmasına ən böyük maneələr sırasında dağıdıcı müharibələri və etnik təmizləmələri qeyd edib: “Bunların nəticəsində milyonlarla insan qaçqın və məcburi köçkünlərə çevrilir ki, bu da dünyanın bir çox yerlərində, o cümlədən mənim ölkəmdə sosial birliyin təmin edilməsinə ciddi problem yaradır”.

S. Müslümov insan ləyaqətinin, firavanlıq və təhlükəsizliyinin təmin edilməsinə hərtərəfli yanaşmanın, insan hüquqları ilə yanaşı, sosial hüquqlara da eyni dərəcədə önəm verilməsinin vacibliyindən söz açıb. O, potensial həssas şəxslərin - ahılların, əlillərin, qaçqın və məcburi köçkünlərin, yoxsulların, işsizlərin və b. sosial hüquqlara çıxışının həyatı əhəmiyyət daşıdığını qeyd edib. Nazir bildirib ki, AŞ Nazirlər Komitəsi bu məsələlərə xüsusi önəm verir. AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə Azərbaycan AŞ-nın beynəlxalq və regional təşkilatlar, o cümlədən Aİ ilə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələsinə xüsusi diqqət göstərir. “Azərbaycan Hökumətinin Avropa Sosial Xartiyasına bağlılığını bir daha təsdiq etmək istəyirəm. Bizim Xartiyaya qoşulduqdan sonrakı 10 il Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox səmərəli olub. Ölkədə ÜDM 3,4 dəfə artıb, iqtisadiyyata yatırılan investisiyaların həcmi 132 mlrd. dollar təşkil edib. Bu dövrdə respublikada 1 mln. 300 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 5%-ə, yoxsulluğun səviyyəsi 5,3%-ə enib. Ölkə əhalisinin gəlirləri isə 6,5 dəfə artıb”,-deyə S.Müslümov vurğulayıb.

S. Müslümov yoxsulluğun azaldılması və yeni iş yerlərinin yaradılması səyləri ilə yanaşı, hökumətin həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb: “Hazırda ölkəmizdə 1 mln. 273 min nəfərdən çox vətəndaş pensiya ilə təmin olunub, eyni zamanda 491 min nəfər sosial yardım, 321 min nəfər sosial müavinət alır. Ümumiyyətlə, sosial təminat sistemi ölkə əhalisinin 22%-ni əhatə edir”.

Konfrans Avropada davam edən iqtisadi böhran şəraitində Avropa Sosial Xartiyasına əsaslanan normativ sistemin gücləndirilməsi və onun tətbiqinin genişləndirilməsi məsələlərinin müzakirəsi ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR