Çernobıl dəhşətindən 27 il ötür

Çernobıl dəhşətindən 27 il ötür
# 26 aprel 2013 10:55 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzadan 27 il ötür. APA-nın məlumatına görə, faciə ilə bağlı Ukrayna, Rusiya və Belarusun müxtəlif şəhərlərdə anım tədbirləri keçirilib. Kiyevdə təşkil olunan mərasimində Ukrayna prezidenti Viktor Yanukoviç də iştirak edib.

Xatırladaq ki, 1986-cı il aprelin 26-da Çernobıl AES-in dördüncü enerji blokunda partlayış baş verib. Partlayış nəticəsində dördüncü blokun reaktoru tamamilə dağılıb. Qəzadan sonra atmosferə 190 ton radioaktiv maddə yayılıb. Ekspertlərin məlumatlarına əsasən radioaktiv tullantıların ümumi miqdarı 1945-ci ildə Xirosimaya atılan atom bombasından 500 dəfə güclü olub. Ukrayna, Rusiya və Belarusun 145 min kvadrat kilometrdən çox ərazisi radioaktiv çirklənməyə məruz qalıb. Qəzadan sonra AES ətrafındakı 30 kilometrlik zonada yaşayan əhali - 115 mindən çox insan köçürülüb. Ümumilikdə 586 min nəfər radioaktiv təsirə məruz qalıb. Onlardan 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini Çernobılda yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış rayonlarında yaşayanlardır. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanma nəticəsində 50 nəfər ölüb. Ölənlərin ümumi sayının gələcəkdə 4 minə çata biləcəyi proqnozlaşdırılır.

Çernobıl AES 2000-ci il dekabrın 15-də bağlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR