Baş Prokurorluqda kollegiya iclası keçirilib

Baş Prokurorluqda kollegiya iclası keçirilib
# 01 fevral 2013 13:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon və şəhər, ərazi hərbi prokurorlarının iştirakı ilə prokurorluq orqanları tərəfindən 2012-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kollegiya iclasında Baş prokuror Zakir Qaralov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, hesabat ilində bütövlükdə prokurorluq orqanlarına 51 mindən çox, o cümlədən Baş Prokurorluğa 37,3 min ərizə və şikayət daxil olmaqla, onların 18,8 mininin müvafiq qaydada həlli, o cümlədən 2.520 müraciət üzrə vətəndaşların qaldırdığı məsələlər təmin olunub. Prokurorluq orqanlarında 24,5 mindən çox, o cümlədən şəxsən prokurorlar tərəfindən 11,3 min, Baş Prokurorluqda isə 3.035 vətəndaş qəbul edilib. Prokurorluğun əlaqədar qurumlarından tələb edilib ki, müraciətlərə baxılması və vətəndaşların qəbulu sahəsində rəhbər vəzifəli və əsas icraçılar olan əməkdaşların məsuliyyətinin artırılması, yeni informasiya texnologiyalarının imkanlarından daha geniş istifadə olunması, müraciətlərə formal yanaşma və süründürməçilik, qəbula gələnlərə biganə münasibət göstərilməsi hallarına son qoyulması təmin olunsun.

Vurğulanıb ki, Azərbaycan Respublikası Prokurorluğunun digər hüquq-mühafizə, ədliyyə və məhkəmə orqanları, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə qarşılıqlı əlaqəli birgə fəaliyyəti, həyata keçirilib qətiyyətli və profilaktiki tədbirlər nəticəsində əvvəlki hesabat dövrü ilə müqayisədə 2012-ci ildə respublika üzrə qeydə alınmış ağır və xüsusilə ağır, o cümlədən şəxsiyyət əleyhinə olan, oğurluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə və xuliqanlıq cinayətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb, banditizm və cinayətkar birlik yaratma kimi cinayətlər ümumiyyətlə qeydə alınmayıb, törədilən 21 min 897 cinayətin 86,2 faizinin açılması təmin edilməklə bu göstərici 3,3 faiz yaxşılaşıb. Eyni zamanda, əvvəlki illərdə törədilməklə bağlı qalan 379, o cümlədən 81 ağır və xüsusilə ağır cinayətin açılması, habelə çoxsaylı ağır cinayətlər törətmiş 191 cinayətkar qrup və 9 mütəşəkkil dəstənin zərərsizləşdirilməsi təmin olunub. Qabaqlayıcı tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının nəticəsidir ki, əhalinin hər min nəfərinə düşən cinayətlərin sayı azalaraq 236-ya bərabər olmuş, qrup halında, o cümlədən əvvəllər məhkum olunmuş şəxslərdən ibarət qruplar tərəfindən, ailə münaqişəsi zəminində və odlu silahın tətbiqilə törədilən cinayətlərin sayı azalıb. Eyni zamanda, qəsdən adam öldürmə və adam öldürməyə cəhd cinayətlərinin açılması və istintaqının təşkili işində kifayət qədər müsbət nəticələr əldə olunub. Məqsədyönlü istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi ilə keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan cinayətlərin, o cümlədən Suraxanı və Cəlilabad rayon prokurorluqlarının birgə səyi nəticəsində 15 il bundan əvvəl, 1997-ci ildə itkin düşmüş V.Abdullayevin qəsdən öldürüldüyü və təqsirkar şəxs müəyyən edilib.

2012-ci ildə Bakı şəhər prokurorluğu orqanları tərəfindən də səlahiyyət hədləri daxilində “Prokurorluq haqqında” qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəli təşkilinə və digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsinə yönəldilmiş bir sıra məqsədyönlü tədbirlər görülüb. Həyata keçirilmiş tədbirlərin nəticəsidir ki, hesabat ilində bir çox cinayətlərin sayının azalmasına və onların açılması üzrə göstəricilərin yaxşılaşdırılmasına, habelə keçmiş illərdə törədilməklə bağlı qalan 252 cinayət üzrə təqsirkar şəxslərin müəyyənləşdirilməsinə nail olunub, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi artırılmaqla, həm şəhər prokurorluğnun İstintaq idarəsi tərəfindən, həm də tabe rayon prokurorluqlarında bir çox ağır cinayətlərin peşəkarlıq səviyyəsində istintaq olunması təmin edilib.

Kollegiya iclasında qeyd edilib ki, Azərbaycan Prokurorluğu orqanlarında istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyi və keyfiyyətinin artırılması istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər bu sahədə müsbət iş göstəricilərinin əldə edilməsi ilə nəticələnib. Belə ki, Prokurorluq, Daxili İşlər, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Sərhəd Xidmətinin istintaq qurumları tərəfindən hesabat dövründə 16.550 cinayət işinin istintaqı yekunlaşdırılmaqla, ittiham aktları təsdiq olunan 9.430 iş aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilmiş, bütün istintaq orqanları üzrə müddət pozuntusu ilə istintaq olunma faizi 8,1-ə bərabər olub, cinayət işləri üzrə maddi ziyanın ödətdirilməsində səmərəli tədbirlər həyata keçirilib. Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi tərəfindən istintaqı tamamlanmış işlər üzrə vurulmuş 1,9 milyon manat ziyanın real ödəmə və əmlak üzərinə həbs qoyulması yolu ilə 100 faiz ödətdirilməsi təmin olunub. İstintaq üzərində prokuror nəzarətinin gücləndirilməsinin nəticəsi olaraq, hesabat ilində 318 cinayət işi üzrə icraata xitam verilməsi və 1.258 icraatın dayandırılması barədə qanunsuz və əsassız qərarlar ləğv edilmiş, qanunsuzluq hallarının aradan qaldırılması və təqsirli əməkdaşların cəzalandırılması məqsədilə 793 təqdimat verilib.

Xidməti vəzifələrinin icrasına vicdanlı münasibət nümunəsi göstərən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin yüksək peşəkarlıq səviyyəsində istintaq olunması, təqsirkar şəxslərin layiq olduqları məsuliyyətə cəlb edilmələri təmin olunmuşdur. Buna misal olaraq, ötən il martın 1-də Quba şəhərində bir qrup şəxs tərəfindən ictimai qaydanın kobud şəkildə pozulmasına səbəb olan hərəkətlərin təşkili, özgə əmlakının qəsdən zədələnərək məhv edilməsi, 20 iyul 2012-ci ildə Bakı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş vermiş yanğın hadisəsi faktları üzrə başlanmış cinayət işləri üzrə həyata keçirilmiş istintaq hərəkətləri göstərilib. Eyni zamanda, 3 dekabr 2011-ci il tarixdə Siyəzən rayonu ərazisində Elvin Vəliyevin və 19 may 2012-ci ildə Şamaxı rayonunda Akim Əfəndiyevin meyitlərinin aşkar edilməsi və çoxsaylı digər qəsdən adam öldürmə cinayətləri üzrə idarə əməkdaşları tərəfindən keyfiyyətli istintaq aparılması və qanunauyğun tədbirlərin görülməsi təmin olunub. Təqdirəlayiq hal kimi diqqətə çatdırılıb ki, şəxsiyyət əleyhinə cinayətlərə qarşı mübarizə işinin düzgün təşkilinin nəticəsi olaraq, Sumqayıt şəhərinin Corat qəsəbəsində R.Rzayevanın qəsdən öldürülməsi, Mingəçevir şəhərində Pərvin Beydullayevin öldürülməsi və onun bacısı Pərvanənin öldürülməsinə cəhd göstərilməsi, Masallı rayonunun «Viləş» su kanalı ərazisində cinsi zorakılığa məruz qalmaqla sonradan boğulub öldürülmüş Nuray Ağayevanın meyitinin aşkarlanması, Qax rayonunun Alatəmir kəndində Sakmelaşvilinin və Abşeron rayonunun Saray qəsəbəsində Şamo Məmmədovun meyitlərinin aşkar edilməsi faktları üzrə peşəkar istintaq hərəkətləri həyata keçirilib.

Qeyd olunub ki, 2011-ci illə müqayisədə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin sayının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Baş Prokurorluğun müvafiq qurumları və əlaqədar tabe prokurorlara tapşırıq verilib ki, hesabat ilinin nəticələrinə görə bağlı qalmış 8 belə cinayətin, o cümlədən Bakı şəhərinin Yasamal, Ağdaş, İmişli, Balakən, Xızı, Şəmkir və Şəki rayonları, habelə Sumqayıt şəhərinin hər birində 1 fakt olmaqla açılması istiqamətində zəruri tədbirlərin görülməsi təmin edilsin.

Kollegiya iclasında Azərbaycan Respublikasının Silahlı Qüvvələri və bütün hərbi birləşmələrdə qanunçuluğun təmin olunması və hərbi nizam-intizamın möhkəmləndirilməsi, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun öz səlahiyyətləri daxilində səmərəli fəaliyyət göstərdiyi, işin düzgün təşkili, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyi, mövcud strukturun təkmilləşdirilməsi və fəaliyyətin müasirləşdirilməsi, yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb. Dövlət əmlakının mənimsənilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlərin həyata keçirildiyi, o cümlədən, 2011-ci illə müqayisədə hesabat ilində 121 fakt və ya 44 faiz çox korrupsiya və rüşvətxorluq cinayətləri aşkarlandığı, müstəqil şöbə statusunda fəaliyyət göstərən Xüsusi istintaq şöbəsində qanunsuz erməni silahlı birləşmələri tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinin istintaqı ilə əlaqədar görülən məqsədyönlü işlər barədə məlumat verilib.

Baş prokurorun müavini - Respublika Hərbi prokuroru Xanlar Vəliyev, Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Şahverdiyev, Bakı şəhər prokuroru Əziz Seyidov, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov və digər natiqlərin çıxışlarında 2012-ci il ərzində görülmüş işlər barədə ətraflı məlumatlar verilblər.

Kollegiya iclasına baş prokuror Zakir Qaralov yekun vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR