Bank Of Baku

Gələn il Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalma prosesi əvvəlkindən fərqlənəcək

Gələn il Azərbaycanda keçiriləcək əhalinin siyahıyaalma prosesi əvvəlkindən fərqlənəcək
# 26 dekabr 2008 08:40 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Dövlət Statistika Komitəsi (DSK) 2009-cu ilin aprelin 13-dən 22-dək keçiriləcək Azərbaycan əhalisinin siyahıyaalınmasına hazırlıq işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə APA-ya DSK-nın Aparat rəhbəri Ziyad Abbasəliyev məlumat verib. Onun sözlərinə görə, 2009-cu ildə keçiriləcək siyahıyaalma təkcə suallara görə deyil, həm də müddətinə görə 10 il əvvəl keçirilən siyahıyaalmadan fərqlənəcək. Ötən siyahıyaalma 8 gün davam etdiyi halda, yeni siyahıyaalma 10 gün ərzində aparılacaq. Bundan əlavə, əvvəlki siyahıyaalma zamanı vətəndaşlara 21 sual təqdim edildiyi halda, indi onların sayı 35-ə çatdırılıb. BMT-nin tövsiyələri və əlaqədar təşkilatların rəyləri əsasında hazırlanmış bu suallar əhalinin coğrafi, demoqrafik, iqtisadi, sosial vəziyyəti, etnik-mədəni, mənzil şəraiti ilə bağlı olacaq. Suallar daxili, xarici miqrasiya, əmək miqrasiyası, məşğulluq və s. ilə bağlıdır. Sorğu vərəqələrini 19 minə yaxın sayıcı evləri gəzərək ailələrə bir-bir təqdim edəcək və şifahi cavab əsasında vərəqədə sayıcı özü qeydlər aparacaq. Bir sayıcı 450 nəfəri sorğu edəcək.

Siyahıyaalma prosesinə Azərbaycanda müvəqqəti yaşayan insanlar da cəlb ediləcək. Daimi yaşayan əhalidən fərqli olaraq, həmin şəxslərə qısa sorğu vərəqələri təqdim ediləcək. Bu sorğu vərəqələrində onlar yalnız özləri, məşğuliyyəti, Azərbaycana gəlməsinin səbəbi barədə məlumatları açıqlayacaqlar.

Siyahıyaalma prosesi 2011-ci ildə tam yekunlaşacaq. Həmin müddətədək bütün rayon və şəhərlərdən məlumatlar qəbul ediləcək, statistik məcmuələr hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Qeyd edək ki, hazırda Azərbaycanın 8 milyon 700 min nəfər əhalisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR