Bank Of Baku

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında” qanunla bağlı fikir ayrılığı var

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında” qanunla bağlı fikir ayrılığı var
# 06 yanvar 2009 10:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” haqqında” qanun Milli Məclis (MM) tərəfindən yenidən işlənmək üçün geri qaytarılsa da, qanunla bağlı müzakirələr bitməyib. Artıq bəzi qeyri-hökumət təşkilatları tərəfindən qanun layihəsində əlavə və dəyişiklər etmək üçün təkliflər səslənməkdədir. Azərbaycan Həkimlər Assosiasiyasının (AHA) rəhbəri Qalib Əliyev APA-ya bildirib ki, təmsil etdiyi qurumun fikrincə, sözügedən qanunun məzmunu və ruhu dəyişilməlidir. Qanunun adının “Sonsuzluğun profilaktikası, vətəndaşların reproduktiv hüquqları və onların həyata keçirilməsində dövlət təminatı” kimi adlandırılmasını təklif edən Q. Əliyev bildirib ki, qanun sonsuz insanı xəstə insan kimi qəbul etməli və onun profilaktikasını dövlət öz üzərinə götürməlidir. Qanunla yanaşı, “Vətəndaşların reproduktiv hüquqları və dövlət təminatı” adlı Dövlət Proqramı da işlənilməli və sonsuz insanın bütün hüquqları qorunmalıdır: “Elə peşələr var ki, bu işlərdə çalışan insanlarda sonsuzluq problemi yarana bilər. Dövlət Proqramında 25-30 yaşında qadınların bu peşələr üzrə işə götürülməsinin qadağan olunması barədə müddəa öz əksini tapmalıdır”. Qanunda daha çox narazılığa səbəb olan surroqat ana, süni mayalanma və s. maddələrə gəlincə, Q, Əliyev bildirib ki, bu maddələr beynəlxalq qanunvericiliklə tənzimlənə bilər: “Surroqat ana ilə bağlı maddələr qanunda göstərilməsə də, yazıla bilər ki, qanunda nəzərdə tutulmayan maddələr beynəlxalq qanunvericiliklə tənzimlənsin”. Q, Əliyevin sözlərinə görə, AHA qanun layihəsi yenidən MM-də müzakirəyə çıxarılana qədər onun ictimai müzakirəsini keçirmək və bütün maraqlı tərəflərin fikirlərini ümumiləşdirmək fikrindədir.

Milli Məclisin Sosial Siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli isə APA-ya bildirib ki, qanun layihəsi ilə bağlı təkliflərin bir hissəsi populist təkliflərdir: “Din, milli-mənəvi dəyərlər, mənəviyyat kimi amilləri əsas gətirmək lağlağı söhbətlərdir. Həmin milli-mənəvi dəyərlərdən danışanlar İrana gedir, orada həmin əməliyyatı edib Bakıya qayıdırlar. İran bəyəm bizdən mühafizəkar ölkə deyil?” H. Rəcəblinin sözlərinə görə, komissiya qanun layihəsi ilə bağlı təklifləri üç il müddətində yığıb və iki dəfə açıq müzakirələr keçirib. O bildirib ki, reproduktiv sağlamlıq məsələsi prezident İlham Əliyevin seçkiqabağı platformasında da öz əksini tapıb: “Milli Məclisdə əsas narazılıq surroqat ana məsələsi ilə bağlıdır. Bizim o maddədə dəyişiklik etmək fikrimiz var. Amma belə baxanda küçədən uşaq götürməkdənsə, genetik genləri olan uşağı götürmək daha düzgündür”. H. Rəcəblinin sözlərinə görə, hazırkı Azərbaycan qanunvericiliyi qanun layihəsinin indiki şəkildə qəbuluna imkan verir: “Biz istəyirdik ki, bu sahədə münasibətləri daha da tənzimləyək. “Təhsil haqqında” qanun 11 il Milli Məclisdə süründü. Həmin qanunda elə maddələr var ki, 11 il əvvəl ortalığa qoysaydıq, baş sındırıb, saç yolardılar. Ona görə də ola bilər ki, surroqat ana ilə bağlı maddə bu gün qəbul olunmasın, amma 5 ildən sonra qəbul olunsun. Amma bir məsələ də var ki, Azərbaycanda buna oxşar əməliyyatlar olur, bəs bu əməliyyatların sonu necə olacaq?” H. Rəcəbli bildirib ki, qanun layihəsinin parlamentin yaz sessiyasında müzakirə olunub-olunmayacağı da hələ dəqiqləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR