Bank Of Baku

Qəzzada gedən müharibəyə etiraz olaraq Azərbaycanda “Sülh libaslı qadınlar” kampaniyasına start verilib

Qəzzada gedən müharibəyə etiraz olaraq Azərbaycanda “Sülh libaslı qadınlar” kampaniyasına start verilib
# 10 yanvar 2009 08:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycanda bir qrup qeyri-hökumət təşkilatı «Sülh libaslı qadınlar» kampaniyasına start verib. APA-nın məlumatına görə, kampaniyanın başlanmasına səbəb planetin müxtəlif nöqtələrində uşaq və qadınların müharibələr, siyasi münaqişələr, nüfuz toqquşmaları nəticəsində həlak olması problemidir. Adı çəkilən problemin beynəlxalq səviyyədə həllinə kömək olunması üçün Respublika Uşaq Təşkilatının qərargahında keçirilən toplantının iştirakçıları Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Muna müraciət imzalayıblar. Müraciətdə bildirilir: “Xocalı faciəsini yaşamış Azərbaycan qadınları müharibənin nə olduğunu, onun hansı faciə və fəsadlar törətdiyini yaxşı bilir, buna görə də dinc əhali qırğınına etinasız qalmadıqlarını bəyan edirlər. Planetimizdə baş verən bütün qanlı konfliktlərə qarşı çıxır, bu faciələrə son qoyulmasını, irqindən, dinindən, milliyyətindən asılı olmayaraq günahsız uşaqların, qadınların hansısa «ali məqsədlər»in qurbanına çevrilməməsini tələb edirlər”.

“Sülh libaslı qadınlar” kampaniyasının iştirakçıları uşaq və qadın problemləri ilə məşğul olan bütün beynəlxalq təşkilatları bir neçə gündən sonra fəaliyyətə başlayacaq internet saytında səs verməyə çağırıblar. Sözügedən təşkilatlara ünvanlanan müraciətdə bildirilir: “Biganə qalmayın! Yaşadığımız XXI əsr də irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq uşaq və qadınların həlak olmasına şahidlik edəcək? Hazırda Yaxın Şərqdən, İsrail-Fələstin münaqişə zonasında hərbi əməliyyatlar keçirilən yerlərdən gələn gündəlik xəbərləri dinləmək belə olmur. 220-dən çox uşağın, 90-dan çox qadının həlak olduğu, 1080 uşağın yaralandığı bildirilir... Biz hesab edirik ki, qarşıda duran heç bir məqsəd uşağın bir damla göz yaşına dəyməz. Övlad, valideyn itkisi, minlərlə alt-üst olmuş insan taleyi... Buna göz yumub, susmaq olarmı?”.

Müraciət müəllifləri bir sıra tələblər də irəli sürüblər: “Atəşkəs rejimi tətbiq olunsun, qanlı konfliktlərə gətirib çıxaran bütün mübahisəli məsələlər sivil, danışıqlar yolu ilə həllini tapsın, zərərçəkən əhali beynəlxalq humanitar yardımla təmin olunsun”.

Müraciəti Respublika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova, Qadın Sahibkarları Milli Assosiasiyasının sədri Vəfa Əfəndiyeva, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, «Şəhid anaları» Xeyriyyə Mərkəzinin sədri Rəfiqə Əsgərova və «Müşfiq» Əlil Uşaqlara Yardım İctimai Birliyinin sədri Validə Abbasova imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR