Bank Of Baku

Azərbaycanda dövlət ali məktəblərində 109525 tələbə təhsil alır

Azərbaycanda dövlət ali məktəblərində 109525 tələbə təhsil alır
# 10 yanvar 2009 09:32 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Təhsil Nazirliyində ötən ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. APA-nın məlumatına görə, iclasda məruzə ilə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, 2003-cü ildə təhsil sektoruna 5,8 milyon manat investisiya qoyulmuşdusa, ötən il bu rəqəm 220 milyon manat olub. Təhsilə ayrılan vəsaitin ilbəil artdığını qeyd edən nazirin sözlərinə görə, 2009-cu ilin dövlət büdcəsində bu rəqəm 1,3 milyard manatdan çoxdur.

2008-ci ilin ən mühüm hadisələrinə diqqət çəkən nazir deyib ki, ötən il ərzində 1-ci sinfilərdə yeni kurrikulumun tətbiqinə başlanılıb. “Yüz ən yaxşı müəllim” və “Əlli ən yaxşı məktəb” müsabiqəsi, Respublika Müəllimlərinin XII qurultayı, YUNESCO-nun Bakıda savadlılığın dəstəklənməsinə həsr olunmuş regional konfransı keçirilib, Dünya Bankı ilə Azərbaycan hökuməti arasında Təhsil Sektorunun İnkişafı üzrə II layihə imzalanıb, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət başlayıb.

M. Mərdanovun sözlərinə görə, Azərbaycanda il ərzində bir şagirdin orta təhsil almasına 577 manat sərf olunur. Ötən il təhsil işçilərinin maddi rifahının yaxşılaşdırılması sahəsində də işlərin görüldüyünü nəzərə çatdıran nazir təhsil işçilərinin orta aylıq əmək haqqının 257 manata çatığını söyləyib. M. Mərdanov onu da əlavə edib ki, ölkədə məktəbəqədər müəssisələrin sayı, oraya cəlb olunan uşaqların və çalışan işçilərin sayı azalıb. Buna baxmayaraq, son bir ildə Bakıda bağçalara gedən uşaqların sayı 1305 nəfər artıb.

Nazir qeyd edib ki, hazırda dövlət orta ixtisas müəssisələrində 51596, ali məktəblərdə 109525 nəfər tələbə təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR