Bank Of Baku

Sabah MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul imtahanı keçiriləcək

Sabah MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistraturaya qəbul imtahanı keçiriləcək
# 24 yanvar 2009 08:33 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva –APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) yanvarın 25-də 2008-2009-cu tədris ili üçün MBA və TEMPUS beynəlxalq proqramları üzrə respublika ali məktəblərinin magistratura pilləsində boş qalmış plan yerlərinə qəbul imtahanı keçirəcək. Komissiyadan APA-ya verilən məlumata görə, MBA və TEMPUS proqramları üzrə təqdim olunan 346 plan yerinin müsabiqəsində iştirak etmək məqsədilə 912 bakalavr qeydiyyatdan keçib. Onların 751-i Azərbaycan, 161-i rus bölməsi üzrə sənəd verib. Namizədlərin 388 nəfəri qız, 524 nəfəri oğlandır. Bu proqramlar üzrə magistr təhsili almaq istəyənlər arasında müxtəlif ixtisaslı – tarixçi, filoloq, marketinq, gömrük işinin təşkili, memarlıq, iqtisadiyyatın hüquqi tənzimlənməsi, riyaziyyatçı, neft və qazın geologiyası və s. bakalavrlar var.
Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Qərb Universiteti, “Azərbaycan” Universiteti, Xəzər Universiteti və «Odlar Yurdu» Universitetində fəaliyyət göstərən MBA proqramı üzrə ayrılmış 239 plan yerinə ixtisasından asılı olmayaraq, 824 bakalavr sənəd verib.
Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetində TEMPUS layihəsi üzrə nəzərdə tutulan 107 plan yeri üzrə müsabiqədə isə müvafiq şifrli ixtisas istiqamətlərini bitirən 88 bakalavr iştirak edəcək.
Qəbul imtahanında bakalavrın məntiqi təfəkkürü, qəbul olmaq istədiyi ixtisas və xarici dil üzrə bilik səviyyəsi test üsulu ilə yoxlanılacaq. Bakalavrlara məntiqi təfəkkürün yoxlanılması üzrə 50, xarici dil üzrə 20 və ixtisas üzrə 30 test tapşırığı təqdim olunacaq. Müsabiqə bir mərhələdə aparılacaq və imtahanda suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.
İmtahanda hər düzgün cavab bir balla qiymətləndiriləcək. Müsabiqəyə ümumi balı 50-dən az olmayan bakalavrlar buraxılacaq. Bu zaman bakalavrın məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 17-dən, ixtisas fənni üzrə topladığı bal 10-dan, xarici dili bilmə səviyyəsini yoxlayan testdən topladığı bal 7-dən (tədrisi ingilis dilində olan ixtisaslar üzrə müsabiqəyə ingilis dilindən topladığı bal 16-dan) az olmayan bakalavrlar buraxılacaq. İmtahanın nəticələri TQDK-nın İnternet saytında yerləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR