Bank Of Baku

Füzuli Ələkbərov: “Maliyyə böhranı ilə əlaqədar ödənişsiz məzuniyyətə göndərilənlər ümumi işləyənlərin heç bir faizi də deyil”

Füzuli Ələkbərov: “Maliyyə böhranı ilə əlaqədar ödənişsiz məzuniyyətə göndərilənlər ümumi işləyənlərin heç bir faizi də deyil”
# 24 yanvar 2009 16:07 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, müşavirədə ötən il görülən işlər, əldə olunan uğurlar, nöqsanların aradan qaldırılması yolları, məşğulluq siyasətinin yerlərdə yerinə yetirilməsi məsələləri və 2009-cu ildə həyata keçiriləcək tədbirlər müzakirə olunub. Əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovun rəhbərliyi ilə keçirilən tədbirdə Dövlət Əmək Müfəttişliyinin, Baş Məşğulluq İdarəsinin, Bakı və Göyçayda fəaliyyət göstərən regional peşə tədrisi mərkəzlərinin rəhbərləri, 14 şəhər və rayonun məşğulluq mərkəzinin direktorları iştirak edib.

Nazir çıxışında bildirib ki, ötən il məşğulluq xidməti orqanlarına 43 min 503 nəfər iş axtaran vətəndaş müraciət edib ki, onlardan 31 min 144 nəfəri müvafiq işlə təmin olunub. Bu da əvvəlki illə müqayisədə 444 nəfər və 1,4 faiz çoxdur. Həmçinin, 4091 nəfərə işsiz statusu verilib, 4746 nəfərə işsizlik müavinəti ödənilib, 3393 nəfər peşə hazırlığı kurslarına, 1907 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb edilib. Əmək bazarının tələbatına uyğun olaraq Bakı və Göyçay Regional Peşə Tədrisi Mərkəzləri tərəfindən bu günədək təşkil edilən müxtəlif peşə hazırlığı kurslarına cəlb olunan 2000-ə yaxın iş axtaran vətəndaşın 85 faizi işlə təmin olunub.

Beynəlxalq maliyyə böhranının regionlardakı özəl müəssisələrə təsirinin çox az olduğunu qeyd edən nazir son 3 ayda bəzi yerli istehsal müəssisələri tərəfindən yüzlərlə yeni boş iş yerlərinin təqdim olunmasını müsbət hal kimi qiymətləndirib. Beynəlxalq maliyyə böhranı ilə əlaqədar Azərbaycanda özəl şirkətlər tərəfindən 2000-dən artıq işçinin ödənişsiz məzuniyyətə göndərilməsi faktına toxunan F. Ələkbərov bu rəqəmin ölkədəki ümumi işləyənlərin cəmi bir faizindən də aşağı olduğunu vurğulayıb: "Ötən il ölkədə aztəminatlı ailələr onlara verilən ünvanlı dövlət sosial yardımın 350 milyon manatını, yəni 87 faizini təkcə ərzaq məhsullarının alınmasına xərcləyiblər. Qarşıya məqsəd qoyulub ki, hər bir iqtisadi rayonda peşə tədrisi mərkəzləri açılsın və orada iş axtaran vətəndaşlara traktorçu, dülgər, çilingər, dərzi, toxucu, avtomobillərin təmiri, qaynaqçı və digər peşə ixtisasları tədris olunsun, mütəxəssislər hazırlansın. Bu da yerlərdə aqrar, sənaye, energetika, tikinti sahələrinin, bütövlükdə iqtisadiyyatın inkişafına təkan olar. Aztəminatlı ailələrin üzvləri də yeni peşələrə yiyələnər və işlə təmin oluna bilər. Bu gün xaricdən Azərbaycana gətirilən müasir kənd təsərrüfatı texnikalarını, avtomobilləri, sənayedəki avadanlıq və mexanizmləri işlətməyi və onları təmir etməyi bacaran mütəxəssislərə ehtiyac var. Peşə tədrisi mərkəzlərində bu məsələlərə də xüsusi diqqət yetirilməlidir "- deyən nazir ölkənin əmək bazarındakı vəziyyəti öyrənmək üçün hər ay regionlarda monitorinqlərin keçirildiyini, bununla da dövlət və özəl müəssisələrdə çalışan insanların əmək hüququnun, yeni açılan iş yerlərinin və gözlənilən struktur dəyişikliklərinin nəzarətdə saxlanılacağını bildirib.

Müşavirədə bir sıra şəhər və rayonun məşğulluq mərkəzinin direktorları da 2008-ci ildə gördüyü işlərlə bağlı hesabat veriblər. Nazir bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Nazir Göyçay Regional Peşə Tədrisi Mərkəzinin maddi- texniki bazası və fəaliyyət istiqamətləri ilə tanış olub.

Qeyd edək ki, hazırda bu mərkəzdə 31 peşə üzrə hazırlıq kursları təşkil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR