Bank Of Baku

Qənirə Paşayeva: “Azərbaycanda əlil uşaqların doğulmasının artmasına səbəb olan faktorlarla ciddi mübarizə aparılır”

Qənirə Paşayeva: “Azərbaycanda əlil uşaqların doğulmasının artmasına səbəb olan faktorlarla ciddi mübarizə aparılır”
# 26 yanvar 2009 18:42 (UTC +04:00)
Bu gün ölkədə 432 min əlil var ki, onların 15 faizini də uşaqlar təşkil edir. Bu insanların çoxu son 20 il ərzində xalqımızın üzləşdiyi faciələr nəticəsində sağlamlıqlarını itiriblər. 20 il əvvəl Ermənistan rəhbərliyinin apardığı etnik təmizləmə siyasəti nəticəsində öz yurd-yuvasından zorla qovulan yüz minlərlə insanın arasından minlərlə şəxs sağlamlığını itirdi”. APA-nın Avropa bürosunun xəbərinə görə, bunu Avropa Şurasının bu gün keçirilən sessiyasında “Əlil şəxslərin hüquqları, onların cəmiyyətdə tam və fəal iştirakı” mövzusunda parlamentar Markuetinin məruzəsi ətrafında olan çıxışında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

1990-93-cü illərdə Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsi, işğal etdiyi ərazilərdə apardığı etnik təmizləmə əməliyyatı nəticəsində 20 mindən çox azərbaycanlının həlak, 60 mindən çoxunun isə əlil olduğunu xatırladıb: “Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təbii ki, yaşadıqları ağır faciə, uzun illər qaçqın və məcburi köçkün həyatı sürmələri bu insanların fiziki və psixoloji sağlamlıqlarına ciddi təsir göstərib. Bu da əlillərin sayının artmasına səbəb olub”.

Millət vəkili deyib ki, Azərbaycan üçün əlil insanların tam və aktiv şəkildə cəmiyyətdə iştirakını təmin etmək, onların hüquqlarının qorunması və sosial müdafiəsi əsas prioritetlərdəndir və ölkə bu istiqamətdə Avropa Şurasının qəbul etdiyi sənədləri daim dəstəkləyir. Deputat Azərbaycanda əlilliyin qarşısının alınması, əlillərin reablitasiyası, onların sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitlərinin yaxşılaşdırılması, özlərini cəmiyyətin tam hüquqlu üzləri kimi hiss etmələri, müvafiq işlə təmin olunmaları istiqamətində çoxlu sayda dövlət proqramları həyata keçirildiyini də vurğulayıb.

Əlillər üçün iş yerləri ilə bağlı problemin həlli istiqamətində artıq müsbət nəticələr əldə edilməyə başlanıldığını deyən millət vəkili müəssisələrdə əlillərin işlə təmin edilməsi üçün kvotalar müəyyənləşdirildiyini, buna əməl etməyən qurumlara qarşı sərt cəza mexanizmləri nəzərdə tutulduğunu qeyd edib.

Azərbaycanda təkcə son bir neçə ildə minlərlə əlilə dövlət tərəfindən mənzil, avtomobil verildiyini bildirən Q. Paşayeva əlillərin reablitasiyası məsələsinin də diqqətdə olduğunu vurğulayıb.

Q. Paşayeva bildirib ki, Azərbaycanda əlil uşaqların doğulmasının artmasına səbəb olan faktorlarla ciddi mübarizə aparılır: “Azərbaycanın birinci xanımı, ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə gözdən əlil insanların, təhsili, cəmiyyətə daha sıx inteqrasiyası, onların sosial müdafiəsi istiqamətində ciddi işlər görülüb. O cümlədən ailə qayğısından məhrum əlil uşaqların təhsili, sosial müdafiəsi istiqamətində də müsbət nəticələr verən çoxlu layihələr həyata keçirilib. Eyni zamanda talassemiya, hemofiliya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən və əlilə çevrilən insanların pulsuz müalicəsi, reablitasiyası üçün yüksək səviyyəli mərkəz tikilir və yaxın günlərdə istifadəyə veriləcək. Şəkərli diabetdən əziyyət çəkən uşaqlarla da bağlı ciddi layihələr həyata keçirilir”.

Millət vəkili məruzəçinin Avropa Şurasının «əlillik fəaliyyəti planı» ilə bağlı üzv ölkələrin gördüyü işlərə dair təşkilata daimi məlumat və hesabatlar göndərmələrinə dair fikirlərini də dəstəkləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR