Bank Of Baku

Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı regional təlimlər keçirilir

Dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı regional təlimlər keçirilir
# 19 may 2011 09:08 (UTC +04:00)
Bakı-APA. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya etik davranış qaydaları ilə bağlı maarifləndirmənin həyata keçirilməsi üçün davamlı tədbirlər görür. Komissiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 16-17-də qurum BMT-nin İnkişaf Proqramı (UNDP) və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) ilə birlikdə Ağcabədi şəhərində yerli icra hakimiyyəti orqanlarının, mərkəzi icra hakimiyyəti orqanlarının yerli və regional bölmələrinin və məhkəmə hakimiyyəti orqanlarının dövlət qulluqçuları üçün etik davranış qaydaları və etik müvəkkilin fəaliyyəti, dövlət qulluğu vəzifələrinin tutulması qaydası, dövlət qulluqçularının vəzifə təlimatları, iş bölgüsünün aparılması qaydası və dövlət qulluqçularının reyestrinin aparılması qaydası ilə bağlı təlimlər keçirib. Təlimə Ağcabədi, Beyləqan, Ağdam, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarının yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında çalışan rəhbər vəzifəli dövlət qulluqçuları cəlb edilib.
Təlimin təşkil olunmasının əsas məqsədləri hər bir vəzifəli şəxs və dövlət qulluqçusunun vətəndaşlarla münasibətdə etik davranış qaydalarına əməl etməsi, dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində maraqların toqquşmasının qarşısının alınması, dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması sahəsində maarifləndirmədən ibarətdir.
Təlimdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Dövlət qulluqçularının etik davranış qaydaları üzrə etik müvəkkilin fəaliyyəti”, “İş bölgüsünün aparılması qaydaları”, “Dövlət qulluğuna qəbul və müsahibələrin keçirilməsi qaydası”, “Dövlət Qulluqçularının Reyestrinin aparılması qaydaları” mövzularında təqdimatla çıxış ediblər.
Eyni təlimlər 19-20 may tarixlərdə Şamaxı şəhərində Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarının yerli icra hakimiyyəti orqanlarında, mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrində və məhkəmə hakimiyyəti orqanlarında çalışan rəhbər vəzifəli dövlət qulluqçuları üçün də keçiriləcək.
Qeyd edək ki, təlimlər davamlı xarakter daşıyır və Azərbaycanın bütün regionlarını əhatə edəcək. İlk təlim 2008-ci ilin noyabr ayında Gəncə və Tovuzda olub. 2008-2010-cu illər ərzində Komissiya Şəki, Yevlax, Şamaxı, Masallı, Salyan, Quba və Bakıda, 2011-cu ilin 28 aprel – 6 may tarixlərdə isə Gəncə, Mingəçevir və Şəkidə silsilə təlimlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR