Bank Of Baku

“Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda konfrans keçirilib

“Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda konfrans keçirilib
# 25 may 2011 12:00 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. BMT-nin Əhali Fondu “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsinin yekunu çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə “Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan komitə sədri Hicran Hüseynova ötən il Milli Məclisdə qəbul olunan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrasına diqqəti yönəldərək deyib ki, bu istiqamətdə nəticəyə nail olunması məqsədilə artıq real addımlar atılmasına başlanıb.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qanunundan irəli gələn mövzularda yazıların KİV-də azlığından gileylənib. O bildirib ki, aparılan monitorinq nəticəsində 1 il ərzində 7 televiziya kanalında 110 verilişin, 18 qəzetdə isə 142 yazı materialının hazırlandığı müəyyənləşib.

BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyinin baş müşaviri Fərid Babayev problemin qarşısının alınması məqsədilə maarifləndirici tədbirlərin həyata keçirilməsinin əsas komponentlərdən biri olduğunu söyləyib.

“Mətbuatda məişət zorakılığı ilə bağlı professional jurnalist araşdırmalarının əhəmiyyəti” mövzusunda çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva isə media nümayəndələrini bununla bağlı yazı yazarkən son dərəcədə diqqətli olmağa çağırıb.

Milli Məclisin deputatı Qənirə Paşayeva problemin həllini düşüncələrin dəyişməsində gördüyünü vurğulayıb: “Təklif edirəm ki, KİV-də bu istiqamətdə fəaliyyət göstərəcək, araşdırmalar aparacaq jurnalistlərin formalaşması üçün treninqlər keçirilməli, telekanallarda məişət zorakılığı mövzusunda videoçarxlar üçün yer ayrılmalı, KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən həvəsləndirici müsabiqələr keçirilməlidir”.

Mətbuat Şurasının sədri Əflatun Amaşov “Məişət zorakılılığı məsələləri üzrə KİV-in davamlı monitorinqlərinin əhəmiyyəti və bu istiqamətdə özünütənzimləmə mexanizminin yaradılması”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova “KİV-də məişət zorakılığı məsələlərinin işıqlandırılmasının prinsip və standartları” mövzusunda çıxış ediblər.

Konfransda Prezident Administrasiyası ictima-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov da mövzu ilə bağlı fikirlərini söyləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR