Bank Of Baku

Birinci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçiriləcək

Birinci siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kursları keçiriləcək
# 26 may 2011 13:38 (UTC +04:00)
Bakı. Sevil Valehova - APA. Təhsil Nazirliyi ilə QHT-lər arasında 2011-2012-ci tədris ilində ümumtəhsil müəssisələrinin I siniflərində dərs deyəcək ibtidai sinif müəllimləri üçün fənn kurikulumlarının tətbiqi üzrə təlim kurslarının təşkilinə dair müqavilələrin imzalanma mərasimi keçirilib. Bu haqda APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasda çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ibtidai təhsilin keyfiyyətini yüksəltmək üçün ilk növbədə fənn kurikulumu, təlim strategiyaları və yeni qiymətləndirmə mexanizmlərinin tətbiqini həyata keçirəcək müəllimlərinin pedaqoji-metodiki bacarıqlarını, fənn üzrə biliklərini artırmaq, yeniləşdirmək lazımdır.
Son üç il ərzində bu istiqamətdə müəyyən qədər təcrübə əldə edildiyini söyləyən nazir ötən ildən etibarən ibtidai sinif müəllimləri üçün təlimlərin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) çərçivəsində yeni ixtisasartırma modeli əsasında aparıldığını deyib. İbtidai sinif müəllimləri üçün təlim kurslarını aparacaq QHT-lərin tender vasitəsi ilə müəyyənləşdirildiyinə diqqət çəkən nazir müvafiq seçimlərdə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyinin qalib gəldiyini qeyd edib.

M. Mərdanov bildirib ki, bu il 9 iqtisadi zona üzrə 86 təlim mərkəzində 164 təlimçi tərəfindən 9670 ibtidai sinif müəlliminə təlimlərin keçirilməsinin nəzərdə tutulur. Təlim kurslarının yekununda ibtidai sinif müəllimlərinin qiymətləndirilməsi məsələsindən söz açan M. Mərdanov Təhsil Nazirliyinin müvafiq sahə üzrə çalışan mütəxəssislərinin də bu işə cəlb olunmasının zəruriliyini vurğulayıb.

Nazirin sözlərinə görə, nəzərdə tutulan işlərin uğurla həyata keçirilməsi üçün Təhsil Problemləri İnstitutu, Valideyn-Müəllim Assosiasiyası, kütləvi informasiya vasitələri və digər qurumların nümayəndələri bu prosesə cəlb ediləcək. O, 2011-2012-ci tədris ilində yeni işə qəbul olunacaq ibtidai sinif müəllimlərinin də müvafiq təlimlərdən keçməsinin vacibliyini nəzərə çatdırıb. Cari ilin yun-avqust aylarında keçiriləcək 10 günlük təlim kurslarının tədris planı və proqramının təsdiq edildiyini söyləyən M. Mərdanov növbəti illərdə müvafiq kurslara cəlb olunacaq müəllimlərin sayının və əhatə dairəsinin daha da genişlənəcəyini bildirib.

Sonda Təhsil Nazirliyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi, “İnkişaf” elmi mərkəzi, Azad Müəllimlər Birliyi, “Yaşlıların təhsili assosiasiyası” İctimai Birliyi, “Təhsilin humanistləşdirilməsi” İctimai Birliyi arasında 2010-2011-ci tədris ilində I siniflərdə dərs deyəcək ibtidai sinif müəllimləri üçün təlim kurslarının təşkili üzrə müqavilələr imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR