Bank Of Baku

Ekoloji Şuranın növbəti iclası keçirilib

Ekoloji Şuranın növbəti iclası keçirilib
# 26 may 2011 14:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, bu sahədə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və bu istiqamətdə effektivliyin təmin olunması məqsədilə ekologiya və təbii sərvətlər naziri (ETSN) yanında yaradılan İctimai Ekoloji Şuranın növbəti iclası keçirilib. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 4 məsələ müzakirəyə çıxarılıb. İclası Şuranın sədri ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov giriş sözü ilə açdıqdan sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanılıb. Şurada müzakirə olunan birinci məsələ - “Mingəçevir - Mingəçevir Stansiyası (dəmiryolu)” Bəhramtəpə yolu üzrə Texniki-İqtisadi Əsaslandırma layihə sənədinin müzakirəsi ilə bağlı nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək layihənin məqsədi, əsas texniki göstəriciləri, mühafizə zolağının hüdudları və ətraf mühitin mühafizəsi ilə bağlı layihədə nəzərdə tutulan məsələlər barədə məlumat verib. Müzakirələr zamanı yolun çəkilişi ilə əlaqədar yerinə yetirilməsi zəruri olan ekoloji tələblər barədə təkliflər irəli sürüldü və təkliflər qəbul olunmaqla sənədin razılaşdırılması məqsədəuyğun hesab edilib. Müzakirəyə çıxarılmış növbəti məsələ - Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış AzDTN 2.7-2 “Yaşayış binaları” normativ sənədinin müzakirəsi ilə əlaqədar nazirliyin Dövlət Ekspertiza İdarəsinin rəisi Azər Aslanov çıxış edərək sənəd layihəsinin əsas prioritet istiqamətləri barədə şura üzvlərinə məlumat verib, normativ sənəd layihəsinin hündürlüyü 75 metrədək olan yaşayış binalarının, mənzil tipli yataqxanaların və çoxfunksiyalı binaların tərkibində yaşayış sahələrinin layihələndirilməsi zamanı nəzərə alınmalı olan əsas mühəndis-texniki və təşkilati tədbirləri əks etdirməklə yanaşı, təhlükəsiz istifadə üçün müvafiq normaların müəyyənləşdirildiyini bildirib.
Müzakirəyə təqdim olunmuş sənəd layihəsində təhlükəsiz yaşayış üçün əsas tələblərin təmin olunduğu nəzərə alınaraq və şura üzvləri tərəfindən irəli sürülən təkliflər ümumiləşdirilərək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunması qərara alınıb.
Müzakirəyə çıxarılmış üçüncü - “İctimaiyyəti cəlb etməklə ölkə ərazisində ekoloji riskli zonalar (daşqın, sürüşmə və s.) üzrə monitorinqlərin keçirilməsi və ictimaiyyətin məlumatlandırılması” məsələsi ilə əlaqədar nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova yaradılmış qruplar və bu qrupların birgə fəaliyyətini təmin etmək üçün hazırlanmış qaydalar haqqında iştirakçılara məlumat verin. Yekun olaraq təklif olunan qaydaların yenidən işlənərək hüquqi cəhətdən əsaslandırılması qərara alınıb.
Şurada müzakirəyə çıxarılmış sonuncu - “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ilə bağlı Hüquq şöbəsinin müdiri Teymur Şəkərəliyev nazirliyin aidiyyəti qurumlarının və qeyri-hökumət təşkilatlarının təklifləri əsasında yenidən işlənmiş layihə barədə məlumat verib. Qanun layihəsinə dair verilmiş təkliflərlə əlaqədar nəzərə alınmayan məqamlara bir daha baxılması iclasda qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR