Bank Of Baku

Ağstafada istehlakçı hüquqlarının qorunmasına dair konfrans keçirilib

Ağstafada istehlakçı hüquqlarının qorunmasına dair konfrans keçirilib
# 27 may 2011 14:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Ağstafa şəhərində “İstehlakçı hüquqlarının qorunması: reallıqlar, perspektivlər” mövzusunda konfrans keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, konfransda həmçinin Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Ağstafa rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən çox istehlakçı iştirak ediblər.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev istehlakçıların hüquqlarının müdafiəsinin etibarlı təminat sistemi yaradılmasını və bu sahəni tənzimləyən bir sıra normativ hüquqi aktlar qəbul olunmasını bildirib. Z.İsayev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, həyata keçirilən maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Xidməti tərəfindən bu ilin 4 ayı ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 10 adda 20 min ədəd buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair isə 4 adda 600 ədəd yaddaş kitabçası çap edilərək sahibkarlara və istehlakçılara paylanıb.

Tədbirdə bildirilib ki, 2011-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Xidməti tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 30 tondan çox müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu dövrdə qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri Dövlət Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xətaya yol vermiş şəxslər 410,5 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 102,4 min manat maliyyə sanksiyası tətbiq olunub.

Konfransda Dövlət Xidmətinin nümayəndələri “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “Mal (iş, xidmət) alarkən müqavilə bağlamağı unutmayın” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR