Bank Of Baku

Ağdam rayonu ərazisində yerləşən neolit dövrünə aid yaşayış yerində geniş miqyaslı arxeoloji qazıntı işlərinə başlanacaq

Ağdam rayonu ərazisində yerləşən neolit dövrünə aid yaşayış yerində geniş miqyaslı arxeoloji qazıntı işlərinə başlanacaq
# 08 iyun 2011 08:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ağdam rayonu ərazisində yerləşən neolit dövrünə aid İsmayılbəytəpə yaşayış yerində geniş miqyaslı arxeoloji qazıntı işlərinə başlanacaq. Qarabağ neolit-eneolit ekspedisiyasının” rəhbəri Xəqani Alməmmədovun APA-ya verdiyi məlumata görə, qazıntı işlərinin 2011-ci ilin ekspedisiya tədqiqat planına əsasən, 4 ay müddətində aparılması nəzərdə tutulur. Abidənin arxeoloji tədqiqatı ilə yanaşı onun turizm məqsədilə istifadəsini də təmin etmək məqsədilə burada konservasiya işlərinin də aparılması planlaşdırılır. Bundan başqa, həmin rayon ərazisində yerləşən, ekspedisiyanın 2010-cu ildə aşkar etdiyi digər bir yaşayış yeri olan Fərmantəpədə kəşfiyyat qazıntıları aparılacaq. Bu abidə genetik baxımdan e.ə.IV minilliyin II yarısını əhatə edən Leylatəpə mədəniyyətinə aiddir və mərhum arxeoloq Fərman Mahmudovun şərəfinə adlandırılıb. X.Alməmmədov deyib ki, tədqiqatlar bu abidələrin qazıntıları ilə məhdudlaşmayacaq. Ekspedisiya Qarabağın işğaldan azad edilən ərazilərində yerləşən arxeoloji abidələrin müasir texniki vasitələrlə qeydiyyatını həyata keçirəcək: “Ölkədə elan olunmuş “turizm ili” ilə əlaqədar olaraq memarlıq və arxeoloji abidələrdə bərpa-konservasiya işlərinin aparılması prosesi bir qədər də güclənib. Bu proses erməni işğalından azad edilmiş ərazilərdə olan abidələrdən də yan keçməyib. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Füzuli rayonunun daş yaddaşı hesab edilən Babı kəndində qorunub saxlanan Şeyx Babı Yaqub xanəgahında görüləcək bərpa-konservasiya işləri ilə əlaqədar olaraq “Qarabağ neolit-eneolit ekspedisiyası”nın Horadiz dəstəsi tərəfindən burada 3 ay müddətində arxeoloji tədqiqat işləri aparılacaq. Şeyx Babı Yaqub xanəgahında qazıntılara iyun ayında start verəcəyik”.

Qeyd edək ki, Qarabağ bölgəsində arxeoloji tədqiqatlar müharibənin başlanması ilə əlaqədar olaraq dayandırılsa da, son illərdə bu tədqiqatlar yenidən başlanılıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşəbbüsü ilə “Qarabağ neolit-eneolit ekspedisiyası”nın yaradılıb. Ekspedisiya ilk addım kimi qarşısına Qarabağ bölgəsinin arxeoloji abidələrinin, ilk növbədə isə eneolit dövrü abidələrinin “Məlumat bazası”nın yaradılmasını məqsəd qoyub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR