Bank Of Baku

Cəlilabadda taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar seminar-müşavirə keçirilib

Cəlilabadda taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar seminar-müşavirə keçirilib
# 09 iyun 2011 14:15 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsi (DYNİ) Cəlilabadda yerli fermerlər üçün taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar seminar-müşavirə keçirib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə geniş məruzə ilə çıxış edən FHN-nin Cənub Regional DYNİ-nin rəisi Əşrəf Mehdiyev bildirib ki, yanğın hadisələrinin baş verməməsi üçün sahibkarlar, fermerlər, kombaynçılar, sürücülər yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməlidirlər. Bütün texnika, maşın-mexanizmlər ilk yanğısöndürmə avadanlıqları ilə təchiz olunmalı, taxıl zəmilərinin ətrafı yanğına qarşı ən azı 4 metr enində şumlanmalıdır. Sahələrdə növbətçilər təşkil olunmalıdır.
Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, ötən il Cəlilabad rayonunda FHN-nin əməkdaşlarının apardığı profilaktik tədbirlər nəticəsində taxıl biçini zamanı cəmi 1 yanğın hadisəsi qeydə alınıb. Ümumilikdə isə ötən il respublika ərazisində taxıl biçini aparılarkən 48 hektar sahədə 15 yanğın hadisəsi baş verib ki, bunun da nəticəsində fermerlərə 7458 manat dəyərində maddi ziyan dəyib.
İdarə rəisi onu da qeyd edib ki, taxıl biçini zamanı DYNİ tərəfindən reydlər keçiriləcək və bu reydlər zamanı nasaz texnikanı idarə edənlər, eləcə də yanğın təhlükəsizliyi qaydalarının pozulması halları aşkarlanan təqdirdə buna məsuliyyət daşıyan şəxslər inzibatı qaydada cəzalandırılacaqlar.
Tədbirin sonunda fermerləri maraqlandıran suallara cavab verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR