Bank Of Baku

Tələbələrin XVI Respublika Fənn Olimpiadasının II turunun nəticələri açıqlanıb

Tələbələrin XVI Respublika Fənn Olimpiadasının II turunun nəticələri açıqlanıb
# 10 iyun 2011 12:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tələbələrin XVI Respublika Fənn Olimpiadasının II turunun nəticələri bəllidir. Bu haqda APA-ya Təhsil Nazirliyinin elm şöbəsinin müdiri Gültəkin Hüseynova məlumat verib.
G. Hüseynovanın sözlərinə görə, olimpiadanın I turu aprel ayında ali təhsil müəssisələri tərəfindən keçirilib və ən yaxşı nəticə göstərən tələbələrə olimpiadanın II turunda iştirak etmələri tövsiyə olunub: “Olimpiadanın II turunda 36 ali təhsil müəssisəsi iştirak edib. Onlardan 28-i dövlət, 8-i qeyri-dövlət ali təhsil müəssisəsi olub. Həmin müəssisələrdən 684 nəfər tələbə olimpiadada iştiraka vəsiqə qazanıb və 595 tələbə olimpiadada iştirak edib. Olimpiada 12 fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili, Azərbaycan coğrafiyası, Azərbaycan tarixi, ingilis, alman, fransız və rus dilləri üzrə keçirilib. İştirakçılardan 114 nəfər olimpiadada müvəffəqiyyət qazanıb. I yerə 12, II yerə 23, III yerə 36 tələbə layiq görülüb. 43 tələbə isə həvəsləndirici mükafatla qiymətləndirilib”.

G. Hüseynova bildirib ki, olimpiadada Bakı Dövlət, Azərbaycan Dillər, Azərbaycan Dövlət Pedaqoji universitetləri, Qafqaz Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Sumqayıt Dövlət, Bakı Slavyan universitetlərinin tələbələri daha yüksək nəticələr əldə ediblər.

Şöbə müdirinin sözlərinə görə, qaliblərə diplom və hədiyyələrin təqdim edilməsi məqsədilə gələn həftə tədbir keçiriləcək. Qaliblər diplom, pul və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR