Bank Of Baku

Azərbaycanda sürücülük vəsiqələrinin qaytarılması proseduru asanlaşdırılıb

Azərbaycanda sürücülük vəsiqələrinin qaytarılması proseduru asanlaşdırılıb
# 10 iyun 2011 13:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu, Nazirlər Kabinetinin “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qərarında nəzərdə tutulur.

Qərara əsasən dəyişiklik Əsasnamənin 2.13-cü bəndinə aiddir. Belə ki, indiyədək qüvvədə olan redaksiyaya görə, nəqliyyat vasitələrini idarə etmək hüququ müvəqqəti məhdudlaşdırılmış (yəni sürücülük vəsiqəsi müvəqqəti alınmış) şəxslərə sürücülük vəsiqəsinin qaytarılması üçün onlar bu müddət başa çatdıqdan sonra tibbi müayinədən keçməli, onların bilik səviyyəsi və idarəetmə vərdişləri yoxlanmalı idi. Başqa sözlə, belə şəxslər sürücülük vəsiqəsini ilk dəfə alanların keçdiyi bütün prosedurlardan keçməli idi.

Yeni qərardan sonra isə bu qaydalar dəyişib. Belə ki, idarəetmə hüququ bir il və bundan az müddətə məhdudlaşdırılan şəxslərə müddət başa çatandan sonra sürücülük vəsiqəsi avtomatik olaraq heç bir əlavə imtahan və ya yoxlanış olmadan veriləcək. Sürücülük vəsiqəsi bir ildən artıq müddətə alınmış şəxslərin vəsiqəsinin qaytarılması üçün də tibbi müayinədən keçmək və biliklərin yoxlanması tələb olunmayacaq. Onlar yalnız nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verməlidir. Bu imtahanı müvəffəqiyyətlə verənlər elə həmin gün sürücülük vəsiqələrini geri ala bilərlər.

Nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda, sürücülük vəsiqəsi aşağıdakı qaydada qaytarılır:

- nəqliyyat vasitəsini idarəetmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;

- nəqliyyat vasitəsini idarəetmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün.

Qərar “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 393 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR