Bank Of Baku

Zaqatalada bütün uşaq bağçaları və iki məktəb bağlanıb

Zaqatalada bütün uşaq bağçaları və iki məktəb bağlanıb
# 15 oktyabr 2012 09:18 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Elman Ramazanov məlumat verib. O, qeyd edib ki, dünən baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən obyektlərin sayı artıb: “Bu ilin may ayında baş verən zəlzələ nəticəsində boşalma baş verən tikililərin böyük əksəriyyəti qəzalı vəziyyətə düşüb. Hazırda komissiyalar yerlərdə araşdırma aparır”.

E. Ramazanov rayonun Faldar, Qandax, Uzun Tala, Yol Ayrıc və Mosul kənd orta məktəblərində təhlükəli vəziyyətin yarandığını bildirib: “Hazırda həmin məktəblərin təhlükəli olmayan korpuslarında tədris davam etdirilir. Lakin rayonun Danaçı kənd 1 saylı və Aşağı Tala kənd 3 saylı orta məktəblərində tədris tam dayandırılıb. Həmçinin rayonda bütün uşaq bağçaları bağlanıb”.

Qeyd edək ki, dünən Azərbaycanın şimal-qərb bölgəsində bir birinin ardınca bir neçə zəlzələ baş verib. Zəlzələ Balakən və Zaqatalada daha çox hiss olunub. Balakən rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, təkanları güclü olub, əhali evlərindən və iş yerlərindən çıxıb. İH-dən onu da bildiriblər ki, təkanlar nəticəsində tikintilərdə müəyyən dağıntıların olması barədə məlumat daxil olub.

Respublika Seysmoloji Xidmət Mərkəzi ötən gün ərzində Azərbaycanın şimal-qərb bölgəsində altı təkanın qeydə alınması barədə məlumat yayıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacıömər Nuriyev APA-ya bildirib ki, zəlzələ baş verən zaman yıxılaraq kəllə-beyin travması alan Kortala kənd sakini, 1936-cı il təvəllüdlü Zinədova Xacabanu Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə dünyasını dəyişib.

H. Nuriyev həmçinin qeyd edib ki, ötən gün baş verən zəlzələdən sonra 40 çağırış olub, 5 nəfər isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxu və həyəcandan stress keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR