Bank Of Baku

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanlıların təhsil aldığı məktəblərin bağlanma təhlükəsi var”

Gürcüstan parlamentinin deputatı: “Azərbaycanlıların təhsil aldığı məktəblərin bağlanma təhlükəsi var”
# 01 noyabr 2012 14:11 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Gürcüstan Parlamentində təmsil olunan azərbaycanlı deputat Əli Məmmədov deyib. O bildirib ki, Gürcüstanda azərbaycanlıların təhsili, dərslik, kadr çatışmazlığı ilə bağlı ciddi problemləri var. Millət vəkilinin sözlərinə görə, əvvəllər məktəblərdə 7 500 müəllim fəaliyyət göstərdiyi halda indi 3 minə yaxın müəllim var və onların əksəriyyəti də yaşlıdır: “Bir sözlə, 30 min azərbaycanlı şagirdə 3 min müəllim düşür. Məktəblərdə 800-ə yaxın müəllim kadrları çatışmır. 80 yaşlı müəllim idman, biologiya və fizika dərslərini deyir. Bu və ya digər problemlərin qarşısını almaq üçün dəfələrlə Azərbaycan Təhsil Nazirliyinə müraciət etsək də, hələ ki bir nəticə yoxdur. Əgər proses belə davam edərsə, azərbaycanlıların təhsil aldığı məktəblərin bağlanma təhlükəsi var. Eyni zamanda, son illərdə Gürcüstana ana dili, Azərbaycan qrammatikası və birinci sinif dərslikləri gətirilmir. Bu da ibtidai siniflərdə Azərbaycan dilində təhsilin verilməsinə ciddi maneələr törədir”.

Ə. Məmmədov qeyd edib ki, azərbaycanlıların təmsilçisi kimi parlamentdə təhsil, mədəniyyət və digər sahələrlə bağlı təkliflərlə çıxış etmək niyyətindədir. Onun sözlərinə görə, parlamentə təqdim edəcəkləri proqramda da azərbaycanlıların yaşadığı kəndlərdə məktəblərin şəraitinin yaxşılaşdırılması, təhsil sahəsində mövcud olan problemlərin həll edilməsi və digər məsələlər öz əksini tapacaq.

Azərbaycan Təhsil Nazirliyinin bu günlərdə Gürcüstanda səfərdə olan texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov isə APA-ya açıqlamasında qeyd olunan problemlərlə özünün də qarşılaşdığını deyib. Onun sözlərinə görə, Gürcüstandakı azərbaycanlıların müəyyən problemlər yaşaması və cəmiyyətə uyğunlaşa bilməməsinin ən mühüm səbəbi dillə əlaqədardır: “Həm orta, həm də ali təhsil müəssisələrində bu problemlər nəzərə çarpır. Gürcüstanda olarkən şahidi olduq ki, bu gün təhsil almaq istəyən xeyli sayda azərbaycanlının əksəriyyəti gürcü dilini bilmir. Yerlərdə demək olar ki, heç kim rus dilində danışmır və bu da azərbaycanlılar üçün problem yaradır. Ali təhsil məktəblərində tədris ya ingilis, ya da gürcü dilindədir. Təhsil almaq üçün müraciət edən yerli azərbaycanlıların əksəriyyəti isə gürcü dilini bilmir. Mənə elə gəlir ki, hər bir vətəndaş öz yaşadığı cəmiyyətin dilini bilməlidir ki, onlara verilən imtiyazlardan istifadə edə bilsinlər. Azərbaycanlılar dili öyrəndikdən sonra təhsillə bağlı digər məsələləri də həll etmək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR