Bank Of Baku

Azərbaycanda bütün əmək müqavilələri Vergilər Nazirliyində qeydə alınacaq

Azərbaycanda bütün əmək müqavilələri Vergilər Nazirliyində qeydə alınacaq
# 02 noyabr 2012 07:18 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bundan sonra ölkədə işəgötürənlərlə işçilər arasında bağlanan bütün əmək müqavilələri Vergilər Nazirliyində qeydə alınacaq və burada yaradılan məlumat bazasına daxil ediləcək. «APA-Economics»in məlumatına görə, vergilər nazirinin müşaviri İlqar Əhmədov bildirib ki, Nazirlikdə əmək müqavilələri üzrə vahid məlumat bazasının yaradılmasına başlanılıb.

Onun sözlərinə görə, məlumat bazasında işçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatları, onların işə götürülmə və işdən azad edilmə tarixləri əks olunur: «Yeni yaradılmış məlumat bazasına əlavə olaraq yeni bağlanılmış 165 mindən yuxarı əmək müqaviləsi barədə məlumat daxil edilib, müvafiq reyestr məlumatları, eyni zamanda, Dövlət Sosial Müdafiə Fonduna və onun yerli strukturlarına göndərilib. Bu isə həmin iş yerlərinin və gələcəkdə baş verə biləcək dəyişikliklərin həm vergi orqanları, həm də Dövlət Sosial Müdafiə Fondu tərəfindən nəzarətə götürülməsinə imkan verir».

Müşavir bildirib ki, əmək müqavilələrinin mövcudluğu bir tərəfdən şirkətlərin işçiləri əsas olmadan işdən azad etmək imkanlarını məhdudlaşdırır, digər tərəfdən Dövlət Sosial Müdafiə Fonduna bundan sonrakı proseslərə nəzarət etməklə iş yerlərinin sayının süni şəkildə azaldılmasının qarşısını almaq imkanı verir.

Yaxın vaxtlarda isə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçilər haqqında məlumatı bu bazaya işəgötürənlərin özü yerləşdirə biləcəklər. Hazırda bununla bağlı görülən tədbirlər yekunlaşmaq üzrədir: «Vergi ödəyiciləri onlara verilmiş xüsusi istifadəçi kodu, parol və şifrə vasitəsilə Vergilər Nazirliyinin internet səhifəsinə daxil olaraq işçiləri haqqında məlumatı bu bazaya daxil edə biləcəklər».

Ən əsası, işçilərin özləri də istədikləri vaxt şəxsiyyət vəsiqəsinin PİN-kodunu daxil etməklə həmin portala girə və onunla bağlanmış əmək müqaviləsi barədə məlumatların bazaya daxil edilib-edilmədiyini yoxlaya və uyğunsuzluq aşkar edildikdə birbaşa Vergilər Nazirliyinə, yaxud müvafiq vergi orqanlarına bu barədə məlumat verə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR