Bank Of Baku

AMEA Azad Həmkarlar İttifaqının VI qurultayı keçirilib

AMEA Azad Həmkarlar İttifaqının VI qurultayı keçirilib
# 07 noyabr 2012 13:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının VI qurultayı keçirilib. APA-nın xəbərinə görə, qurultayda çıxış edən AMEA prezidenti Mahmud Kərimov bildirib ki, ötən qurultaydan keçən 4 il ərzində AMEA-nın maddi-texniki bazasının möhkəmlənməsi istiqamətində ciddi addımlar atılıb. Hazırda AMEA şəhərciyində əsaslı təmir-tikinti işləri aparılır. Akademiyanın demək olar ki, bütün binaları təmir edilir. M. Kərimov deyib ki, ötən müddət ərzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) ilə qarşılıqlı anlaşma şəraitində işlər görülüb, 2010-2013-cü illər üzrə Kollektiv Saziş imzalanıb, AMEA əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürülüb: “Lakin bununla yanaşı, həll edilməmiş bir sıra məsələlər də qalır. Bu məsələlərə AMEA əməkdaşlarının əmək haqlarının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, sosial vəziyyətlərinin daha da gücləndirilməsi daxildir”.

AMEA Azad Həmkarlar İttifaqının sədri Adil Mirabdullayev isə qeyd edib ki, 2004-cü ildən bəri ölkədə əmək haqları 7 dəfədən çox artıb, 2011-ci ilin mayın 1-dən AMEA əməkdaşlarının əmək haqqı 20 faiz artırılıb: “Ölkədə geniş maliyyə imkanları olduğu halda, akademiya əməkdaşlarının orta aylıq əmək haqqı çox aşağıdır. Biz neçə ildir ki, elmi dərəcələrə görə AMEA alimlərinə verilən vəsaitlərin az olması barədə müxtəlif instansiyalara müraciətlər edirik. Elmlər doktorlarına verilən 50 manat, elmlər namizədlərinə verilən 30 manat çox azdır”.

A.Mirabdullayev bildirib ki, hər il yay mövsümündə ölkənin müxtəlif yerlərinə qısamüddətli gəzintilər təşkil edilir və təxminən 300-400 əməkdaşın istirahəti təmin olunur: “Hazırda ölkədə mövcud olan qurumların əksəriyyətinin müxtəlif yerlərdə sanator-kurort və istirahət mərkəzləri var. AMEA əməkdaşları üçün də belə müəssisələrin açılmasının vaxtı çoxdan çatıb”.

Qurultayda AMEA Azad Həmkarlar İttifaqının sədri, Rəyasət Heyəti, Nəzarət-Təftiş Komissiyası seçilib. Adil Mirabdullayev yenidən AMEA Azad Həmkarlar ittifaqının sədri vəzifəsinə təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR