Avqustun 5-də Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Şahin Yusifov təqaüdə yola salınıb.
Bu barədə APA-ya Ali Məhkəmədən məlumat verilib.
Bu münasibətilə keçirilən tədbirdə Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxış edərək Şahin Yusifovun əmək fəaliyyətindən bəhs edib.
Qeyd olunub ki, Şahin Yusifov uzun illər məhkəmə-hüquq sistemində müxtəlif məsul vəzifələrdə çalışıb. O, 2007-ci ildən Ali Məhkəmənin hakimi, 2010–2020-ci illərdə isə Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri kimi fəaliyyət göstərib.
Vurğulanıb ki, peşəkar və təcrübəli hakim kimi onun məhkəmə sisteminin inkişafına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına və qanunun aliliyinin təmin olunmasına mühüm töhfələri olub.
Diqqətə çatdırılıb ki, Şahin Yusifovun fəaliyyəti dövlət tərəfindən daim yüksək qiymətləndirilib. O, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Tərəqqi” medalı və II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Tədbirdə Şahin Yusifovun zəngin təcrübəsinin gələcəkdə də gənc hüquqşünasların və yeni nəsil hakimlərin formalaşmasına, onların peşəkar kimi yetişməsinə əhəmiyyətli töhfə verəcəyinə əminlik ifadə olunub.
Şahin Yusifov isə öz növbəsində göstərilən diqqətə və fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirərək, uzun illər ərzində qazandığı təcrübəni, xatirələrini və təəssüratlarını iştirakçılarla bölüşüb.