Bank Of Baku

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
# 28 avqust 2026 18:32 (UTC +04:00)

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda Qəbələ və Oğuz rayonlarının sakinlərini qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, reabilitasiya vasitələri ilə təmin edilmə və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Qəbuldan sonra özünüməşğulluq proqramı çərçivəsində Qəbələ sakinləri Verdiyeva Şəhla Çingiz qızı və Rəcəbalıyeva Pəri Dünyamalı qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə Şəhla Verdiyeva üçün qadın gözəllik salonu, Pəri Rəcəbalıyeva üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub. Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd olunub ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Qəbələ rayonunda 1950-dək şəxs üçün təsərrüfatlar qurulub. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Qəbələdə yaradılmış günərzi qayğı mərkəzində uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib. Mərkəzdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqların psixososial reabilitasiyası, gündəlik həyat vərdişlərinə, ilkin yazı və oxuma bacarıqlarına yiyələnməsi üçün işlər aparılır.

Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində göstərilən xidmətlərə də baxış keçirilib. Müəssisədə əlilliyi olan uşaqlara səmərəli fizioterapevtik üsullar əsasında və müasir avadanlıqlardan istifadə edilməklə ambulator və stasionar formada kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR