Bank Of Baku

Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlanıb - FOTO

Astarada Əlişa qalasında qazıntılar zamanı qədim memarlıq elementləri aşkarlanıb - FOTO
# 30 iyul 2026 12:50 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Astara rayonu ekspedisiyası Əlişa qalasında arxeoloji tədqiqatları davam etdirir.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Arxeologiya və Antropologiya İnstitutunun "Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması" şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin rəhbərliyi ilə fəaliyyət göstərən Astara rayonu ekspedisiyası tərəfindən Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişa qalasında növbəti arxeoloji qazıntı mövsümünə başlanılıb.

Tədqiqatların məqsədi qala divarlarının konstruksiyasını, fundamentinin davametmə istiqamətini, müdafiə sisteminin xüsusiyyətlərini və qala daxilindəki memarlıq tikililərinin tikinti ardıcıllığını müəyyən etməkdir.

Qazıntılar zamanı qalanın müdafiə sisteminə aid yeni memarlıq elementləri aşkar edilib. Əsas istinad divarının eni təxminən 2 metr, bəzi hissələrdə isə bundan artıqdır. Divarların aşağı hissəsinin sal qaya üzərində iri qaya daşlarından, yuxarı hissəsinin isə bişmiş kərpiclərdən inşa edildiyi müəyyən edilib, bəzi hissələrdə əhəng məhlulu da qorunub saxlanılıb.

Əvvəlki illərdə aşkar edilmiş daş su hövzəsi ətrafında tədqiqatlar davam etdirilib, üç su axını qurğusu, saxsı su tüngləri və su təchizatı sisteminə aid yeni memarlıq elementləri üzə çıxarılıb.

Bu mövsümün ən mühüm tapıntılarından biri sitadelin cənub hissəsində aşkar edilmiş bişmiş kərpicdən inşa olunmuş günbəzli memarlıq quruluşudur. Oval formalı memarlıq tikilisi, yonulmuş daş döşəmə və digər memarlıq qalıqları da aşkar edilib.

Tapıntılar Astara bölgəsinin XII əsrin sonu – XIV əsrin əvvəllərində Səlcuq-İslam mədəni mühitinin mühüm mərkəzlərindən biri olduğunu göstərən mühüm arxeoloji dəlil sayılır.

Hazırda Əlişa qalasında arxeoloji qazıntılar davam edir. Növbəti mərhələdə qala kompleksinin memarlıq planının və funksional təyinatının daha dəqiq müəyyənləşdirilməsi istiqamətində tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR