Paşha Bank
Bank Of Baku

Azərbaycanda ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - FOTO

Azərbaycanda ilk dəfə Milli Məşğulluq Forumu keçirilir - FOTO
# 16 noyabr 2026 14:04 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Milli Məşğulluq Forumu işə başlayıb.

APA xəbər verir ki, iki gün davam edəcək tədbirin açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, peşə və alitəhsil müəssisələrinin, Nazirlik yanında İctimai şuranın üzvləri, işəgötürənlər, xarici ekspertlər, təhsil mütəxəssisləri, məzunlar, həssas qruplarla iş üzrə mütəxəssislər iştirak edib.

Açılış nitqi ilə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib ki, bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib: “14 mindən çox vətəndaş peşə hazırlığına, 6 600-dən çox şəxs isə özünüməşğulluq proqramına cəlb olunub. Bu nəticələr bir insanın işə başlaması, bir gəncin yeni peşə qazanması, bir ailənin öz kiçik biznesini qurması deməkdir.
Dünya İqtisadi Forumunun proqnozuna əsasən isə 2030-cu ilədək işçilərin mövcud bacarıqlarının orta hesabla 39 faizinin dəyişəcəyi və köhnələcəyi bildirilir. Bu rəqəmlərin verdiyi əsas mesaj gələcəyin əmək bazarında öyrənmək, yenilənmək və dəyişikliklərə uyğunlaşmaq hər bir insan üçün böyük əhəmiyyət daşımasıdır. Dövlətlərin rolu isə insanları bu prosesə nə dərəcədə hazırlaya bilməsindən asılı olacaq. Müasir məşğulluq siyasətinin əsas məqsədi insanların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, potensialının reallaşdırılmasına və əmək bazarında yeni imkanlar yaradılmasına şərait yaratmaqdır”.

Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib ki, Dünya İqtisadi Forumunun “Gələcəyin işləri 2025” hesabatında 2030-cu ilədək kənd təsərrüfatı sahəsində dünya üzrə əlavə 35 milyon yeni iş yerinin yaranacağı proqnozlaşdırılır: “Bu rəqəm sübut edir ki, texnologiyaların, həmçinin süni intellekt və yeni yanaşmaların tətbiqi aqrar sektorda əmək məhsuldarlığının artırılmasına, resurslardan səmərəli istifadəyə və məşğulluğun daha da yüksəlməsinə öz töhfəsini verəcək. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatlarına əsasən, dünya üzrə məşğul əhalinin üçdə biri aqrar sektorun payına düşür. Ölkə üzrə məşğul əhalinin 35 faizdən çoxu aqrar sektorda çalışır. Həmçinin regionlarda aktiv iqtisadi fəaliyyət nəticəsində yaradılan əlavə dəyərin əhəmiyyətli hissəsi aqrar sektorun payına düşür. Bu da aqrar sektorun məşğulluq baxımından əhəmiyyətini göstərir”.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun sözlərinə görə, süni intellekt təkrarlanan bəzi işləri avtomatlaşdıracaq və peşələrin formasını dəyişəcək: “Bu gün rəqəmsallaşma əmək bazarına yönəlik tələbləri sürətlə dəyişir. Azərbaycanın yeni texnologiyaların istifadəçisi deyil, həm də rəqəmsal məhsul və xidmətlər yaradan, eləcə də beynəlxalq bazarlarda rəqabət aparan ölkə kimi inkişafı hədəflənir. Burada əsas vəzifəmiz vətəndaşların yaradılan imkanlardan istifadəsinə imkan yaratmaqdır. Gəncləri əmək bazarına uyğun hazırlamaq da növbəti hədəflərimizdəndir".

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib ki, ölkədə noyabrın 16-dan 19-dək Məşğulluq Həftəsi keçirilir: "Milli Məşğulluq Forumu və məşğulluq sərgisi də bu həftə ərzində baş tutacaq. Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellektin əmək bazarına təsiri, eyni zamanda, peşə seçimi və karyerada düzgün yanaşma kimi sahələri əhatə etməkdir: "Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə çalışacağıq ki, gündəmdə olan, trendə çevrilən müasir çağırışlara cavab tapaq, həm gələcəyin əmək bazarına, həm də əmək bazarının gələcəyinə düzgün şəkildə işıq tutaq. Noyabrın 18-də Gələcəyin Peşələri Sammiti keçiriləcək, noyabrın 19-da isə Dövlət-Biznes Əməkdaşlıq Forumu ilə tədbirlərə davam edəcəyik".

Forum çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil, dayanıqlı məşğulluq” və “Süni intellekt və əməkbazarı: işlər yox olur, yoxsa dəyişir?” mövzularında yerli və xarici spikerlərin iştirakı ilə panel müzakirələri təşkil olunub. Bununla yanaşı, “Karyera inkişafına süni intellektin təsiri” və “İmkanları fürsətlərə çevir – həssas qruplarla iş” mövzularında vörkşoplar keçirilib. Tədbirin ikinci günündə əmək bazarının aktual məsələlərinə dair yerli və xarici ekspertlərin iştirakı ilə müzakirələr təşkil olunacaq. Həmçinin, gənclər və işəgötürənlərin iştirakı ilə“İstedadlar Sərgisi” keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR