Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər
# 12 mart 2024 11:46 (UTC +04:00)

Əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.

APA xəbər verir ki, bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov bu gün keçirilən "Qohum nikahları" ilə bağlı ictimai müzakirədə deyib.

O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur:

"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin digər sektor müdiri Araz Poladov isə deyib ki, qohum evliliklərinin qarşısının alınması maarifləndirmə ilə mümkün deyil:

“Dövlətin insan hüquqlarına bu cür fundamental sahədə müdaxilə etməsi üçün meyarlar var. Görünən odur ki, maarifləndirmə yolu ilə qohum evliliklərinin qarşısının alınmasına nail olmaq mümkün deyil. İnkişaf etmiş cəmiyyətlərdə qohum evliliklərinin səviyyəsi çox aşağıdır. Ona görə ki, bu cür cəmiyyətlərdə bu məsələyə dövlət nəzarəti var".

O deyib ki, üçüncü-dördüncü dərəcəli qohumluqlar yaxın qohumlar siyahısına daxil edilməyib. Lakin statistikalar göstərir ki, yaxın qohumlar arasında nikahlar hələ də var:

"Bu problemlə bağlı çox danışmaq olar. Bu məsələlərdə iki məqam diqqət çəkir. Birincisi, şəxslərin sərbəst seçim hüququdur. Digər məqam isə dövlətin sağlam cəmiyyət marağıdır.

Qohum evliliyi sosial problem olsa da, qanunvericlik səviyyəsində həll olunması mümkündür. Bunun da çıxış yolu üçüncü-dördüncü dərəcəli qohumluğun yaxın qohumlar siyahısına daxil olunması və bununla da qohum nikahlarının qadağan edilməsidir".

Araz Poladov bildirib ki, qohum nikahlarının əsas fəsadı həmin nikahlardan doğulan uşaqların irsi xəstəlikdən əziyyət çəkmə risklərinin yüksək olmasıdır:

“Lakin sual yaranır ki, belə bir ehtimal dövlətin bu məsələyə müdaxiləsini şərtləndirirmi? Ümumiyyətlə, dövlətin insan hüquqlarına, bu cür mental məsələlərə müdaxiləsi üçün iki əsas meyar müəyyən olunub. Birincisi, qanuni və hüquqi məqsədlərin olması, ikincisi isə həmin müdaxilənin proporsionallığı, mütənasibliyidir. Proporsionallıq onunla ölçülür ki, dövlət qarşısına qoyduğu hüquqi məqsədlərə daha az müdaxilə yolu ilə çata bilər, yoxsa yox? İddia oluna bilər ki, maarifləndirmə yolu ilə də bu məsələdə məqsədə çatmaq mümkündür. Bizdə maarifləndirmə işləri kifayət qədər aparılıb, lakin görünən odur ki, bu məsələdə maarifləndirmə yolu ilə məqsədlərə çatmaq tam mümkün deyil. Biz bununla bağlı xarici ölkələrin də təcrübəsinə baxmışıq və görünən odur ki, 3-4-cü dərəcəli qohumlar arasında evlilik müəyyən Avropa, Cənub-Şərqi Asiya ölkələrində, Çində, Vyetnamda, Amerikanın 24 ştatında və s. ölkələrdə qadağan olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR