Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib.
ƏƏSMN-dən APA-ya verilən məlumata görə, onlardan 70 min şəxsə ambulator, 32,6 min şəxsə stasionar və icma əsaslı, digərlərinə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri göstərilib.
Qeyd olunub ki, agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla yanaşı, qabaqcıl dünya təcrübəsinə uyğun reabilitasiya metodları (robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya, rəqs terapiyası və s.) tətbiq edilir. Bu müəssisələr tərəfindən stasionar və ambulator xidmətlərlə bərabər, icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir.