Çinin “On the road” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sənədli filmin çəkilişinə başlayıb. Şuşa şəhərində, Zəngilan, Füzuli rayonlarında olan çəkiliş qrupu bu gün Ağdama səfər edib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, çəkiliş qrupu işğaldan azad olunan müxtəlif ərazilərdə çəkilişlər apararaq Qarabağın tarixi memarlıq abidələrini, 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsi, 30 ilə yaxın dövr ərzində erməni vandalizminə məruz qalması ilə bağlı faktları lentə alırlar.
Dağılmış tarixi memarlıq abidələri, talan edilərək xarabalığa çevrilən yaşayış məntəqələri, minalanmış ərazilər filmdə öz əksini tapacaq. Bununla bərabər, filmdə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin işğaldan azad olmuş ərazilərdə apardığı tikinti, quruculuq işləri barədə də məlumat veriləcək.
Sənədli film Çinin SETV kanalında və bir sıra sosial şəbəkələrdə yayımlanacaq.