Coğrafiya İnstitutu: Çaylarda ən güclü sel hadisələri iyul-avqustda olur

Coğrafiya İnstitutu: Çaylarda ən güclü sel hadisələri iyul-avqustda olur
# 28 iyun 2024 17:35 (UTC +04:00)

Son günlərdə intensiv və leysan xarakterli yağışların yağması nəticəsində çaylardan sel keçir, daşqın hadisələri baş verir. Güclü yağış bölgələrdə fəsadlara, kəndlərə gedən yolların bağlanmasına səbəb olub, təsərrüfatlara zərər vurub.

Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov APA-ya açıqlamasında deyib ki, iqlim dəyişmələri yalnız havanın temperaturunun artması ilə deyil, həmçinin atmosfer yağıntıları və külək rejimində baş verən kəskin dəyişikliklərlə müşayiət olunur:

“Havanın həm qlobal, həm də regional temperaturlarının artması atmosferdə rütubət dövranını və konvektiv prosesləri sürətləndirdiyi üçün illik yağıntı miqdarının ümumən azalması fonunda ayrı-ayrı günlərdə və ayrı-ayrı yerlərdə həddindən artıq intensiv yağıntıların düşməsi qeydə alınır. Keçən il və builki yağıntıların əsas xüsusiyyəti ondan ibarətdir ki, onlarla əlaqədar olan topa yağış buludlarının həm sululuğu çoxdur, həm də onların hərəkət sürəti nisbətən azdır. Bunların nəticəsində ayrı-ayrı ərazilərə nisbətən qısa müddət ərzində fəlakətli miqdarda yağıntıların düşməsinə səbəb olur ki, bu da əgər çay hövzələrində baş verirsə, həmin çaylarda suyun səviyyəsinin kəskin artmasına, bəzən isə sel daşqınlarına səbəb olur. Böyük və Kiçik Qafqazda, həmçinin Lənkəran zonasında belə sel təhlükəli çaylar çoxdur”.

Səid Səfərov qeyd edib ki, iqlim dəyişmələri nəticəsində bu cür təhlükəli hadisələrin intensivlik və təkrarlanmasının kəskin artması yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində də müşahidə edilir:

“Hətta yağıntıların adətən az düşdüyü və səhraların üstünlük təşkil etdiyi bir sıra ərəb ölkələrində belə son dövrlərdə baş verən yağıntılar fəlakətli sel daşqınlarına və çoxsaylı insan tələfatına səbəb olub. Son 2 ildə təhlükəli yağıntıların, onlarla əlaqədar ildırım, dolu və sel hadisələrinin artmasına digər bir səbəb kimi “El-Nino” hadisəsinin aktivləşməsini də göstərmək olar. Belə ki, “El-Nino” ekvatorial Sakit Okeanda passat küləklərini və müvafiq olaraq, tropik yağıntıların intensivliyini azaltdığından burada reallaşa bilməyən rütubət miqdarı hava axınları vasitəsilə, xaotik olaraq dünyanın digər ərazilərinə yayılır. Beləliklə, bəzi yerlərdə fəlakətli yağıntıların düşməsi digər ərazilərdə davamlı quraqlıqla müşayiət olunur”.

Səid Səfərov bildirib ki, qlobal istiləşmə, həmçinin müxtəlif tipli hava kütlələri arasındakı temperatur və təzyiq kontrastlarının da artmasına gətirib ki, bu da ərazilərdə kəskin istilərin qəflətən nisbətən soyuq və güclü küləkli hava şəraiti ilə əvəz olunmasına səbəb olur:

“Məsələn, iyunun son günlərində kəskin istilərdən sonra Azərbaycan ərazisinə soyuq hava kütlələrinin daxil olması konvektiv proseslərin aktivləşməsinə, güclü küləklərə, intensiv leysan və dolu düşməsinə, həmçinin təhlükəli sel daşqınlarına səbəb olub”.

O bildirib ki, iyul-avqust ayları Böyük Qafqazın cənub yamaclı çayları üçün istənilən ildə ən təhlükəli dövrdür:

“Həmin ərazilərdə ənənəvi olaraq ən güclü sel hadisələri də məhz bu aylarda baş verir. Hesab edirəm ki, həmin dövrdə Böyük Qafqazın cənub yamacı çaylarında ayrı-ayrı günlərdə kifayət qədər təhlükəli sel hadisələri baş verə bilər”.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, yaxın günlərdə hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilsə də, bəzi dağətəyi rayonlarda qeyri-sabit yağıntılı hava şəraiti qalmaqda davam edir:

“Bəzi yerlərdə, dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, şimşək çaxacağı, qısa müddətdə leysan xarakterli intensiv olacağı gözlənilir. Bununla əlaqədar əsasən Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR