Paşha Bank
Bank Of Baku

Hikmət Babaoğlu: İdeoloji təhdidlərə qarşı mübarizə üçün vahid konsepsiya və strateji doktrina hazırlanmalıdır - ŞƏRH

Milli Məclisin deputatı Hikmət Babaoğlu

© APA | Milli Məclisin deputatı Hikmət Babaoğlu

# 11 oktyabr 2026 17:00 (UTC +04:00)

“Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ideoloji təxribatlara qarşı mübarizənin konseptual əsaslarını yaradır və vahid fəlsəfə ortaya qoyur”.

Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu APA-ya açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan Prezidenti 2 oktyabr 2026-cı ildə keçirilən qurultayda ictimai diqqəti mühüm məsələyə yönəldib və bunu cəmiyyətin aktual problemlərindən biri kimi təqdim edib. Onun sözlərinə görə, söhbət Azərbaycana qarşı yönəldilən ideoloji təxribatlardan gedir və dövlət başçısı ideoloji təhlükəsizliyi fiziki təhlükəsizlik qədər əhəmiyyətli hesab etdiyini bildirib.

Hikmət Babaoğlu qeyd edib ki, ideoloji təhlükəsizlik bir neçə komponentdən ibarətdir: siyasi-ideoloji təhlükəsizlik, dini-ideoloji təhlükəsizlik və ictimai-ideoloji təhlükəsizlik. Bunlar bir-biri ilə bağlı olan vahid bütövün müxtəlif səviyyəli komponentləridir.

“İdeoloji təhdidləri əhəmiyyətinə görə sıralasaq, birinci yerdə, heç şübhəsiz, siyasi-ideoloji təhdidlər dayanır. Ona görə də ilk növbədə siyasi şüurun keyfiyyətini təhlil etməliyik. Azərbaycanda siyasi şüur manipulyasiyalara nə qədər açıqdır? Onun siyasi manipulyasiyalara qarşı immuniteti hansı səviyyədədir? Bu suallara cavab tapmaq lazımdır”, – deputat vurğulayıb.

O hesab edir ki, bu istiqamətdə fəaliyyət göstərməli olan müxtəlif tədqiqat mərkəzlərinin peşəkarlıq səviyyəsi yetərli deyil və həmin mərkəzlər qarşıya qoyulan vəzifəni yerinə yetirə bilmirlər. Deputat Prezidentin çağırışını bu baxımdan həyəcan təbili kimi qiymətləndirib.

“Biz sosial-siyasi nəbzi düzgün tutmağı bacarmalıyıq. Yalnız bu halda siyasi-ideoloji təhdidi ölçə, ona diaqnoz qoya və qarşısının alınması üsullarını hazırlaya bilərik. Bunun üçün peşəkarlara ehtiyac var. Təəssüf ki, Azərbaycanda belə peşəkarlar ya çox azdır, ya da ümumiyyətlə yoxdur”, – Hikmət Babaoğlu əlavə edib.

Deputat manipulyasiyaya açıq ikinci sahənin dini-ideoloji sahə olduğunu bildirib. Onun fikrincə, siyasi-ideoloji təhdidlər paralel olaraq dini-ideoloji mənbələrdən də qismən qaynaqlanır. Siyasi şüur isə cəmiyyətin milli şüurunun lokomotivi kimi onun keyfiyyətini müəyyənləşdirir və istiqamətini təyin edir. O, siyasi şüuru məhz buna görə birinci yerə qoyduğunu söyləyib.

Hikmət Babaoğlunun sözlərinə görə, hər bir siyasətçi və siyasi şüur daşıyıcısı sosial varlıq olaraq həm də dini şüurun daşıyıcısıdır. Azərbaycanın müstəqilliyini, Zəfərini və gücünü qəbul etmək istəməyənlər bu iki istiqamətdən paralel şəkildə ölkəni zəiflətməyə çalışırlar.

“Dini şüuru manipulyasiya etmək siyasi şüurla müqayisədə daha asandır. Çünki dini şüur tarixən mövhumata və xurafata açıq olub, müxtəlif formalarda təhlükəli manipulyasiyalara məruz qalıb. Buna görə düşünürəm ki, ikinci mühüm məsələ dini-ideoloji təhlükəsizlikdir. Azərbaycan Prezidentinin çağırışı, əslində, cəmiyyətin diqqətini bu sahəyə yenidən yönəltmək məqsədi daşıyır”, – o qeyd edib.

Deputat üçüncü istiqamətin ictimai-ideoloji təhlükəsizlik olduğunu bildirib. Onun izahına görə, bu, həlledici mərhələdir və ictimai düşüncənin manipulyasiya olunması ilə bağlıdır. Məqsəd radikal düşüncə daşıyıcısı olan dini və siyasi-ideoloji qruplaşmaları ictimai toqquşma mərhələsinə çatdırmaqdır.

“Bu radikal və manipulyativ marginal qruplar artıq cəmiyyətin ümumi platformasına daxil olur və qarşıdurma yaradırlar. Beləliklə, siyasi-ideoloji və dini-ideoloji təhlükəsizlik məsələsi ümumi ictimai mənafeyi təhdid edən qarşıdurmaya çevrilir. Məsələnin mahiyyəti bundan ibarətdir”, – Hikmət Babaoğlu deyib.

O vurğulayıb ki, belə bir vəziyyət xaosa və milli həmrəyliyin itirilməsinə gətirib çıxara bilər. Milli həmrəyliyin itirilməsi isə milli dövlətin ciddi şəkildə zədələnməsi deməkdir. Buna görə həmin məsələlərin xüsusi təhlilinin aparılması vacibdir.

Deputat hesab edir ki, indiyədək siyasi-ideoloji, dini-ideoloji və ictimai-ideoloji təxribatların Azərbaycanda real ictimai qarşıdurmaya çevrilməməsinin əsas səbəbi dövlətin güclü olmasıdır. Onun sözlərinə görə, həmin qruplaşmalar malik olduqları resursların ictimai toqquşma yaratmaq üçün kifayət etmədiyini bilirlər.

“Amma onlar özlərində bu gücü hiss etsələr, Azərbaycanda həmrəylik, ahəngdarlıq və sabitlik dərhal pozula bilər. Məncə, Azərbaycan Prezidenti bu çağırışı çox vaxtında etdi”, – deputat bildirib.

“Təhdidlərin mənbələri və təsir üsulları araşdırılmalıdır”

Hikmət Babaoğlu təhdidlərin mənbələrinə toxunaraq onların hansı istiqamətlərdən qaynaqlandığının müəyyənləşdirilməli olduğunu söyləyib. O, Prezidentin qonşuluqda fəaliyyət göstərən azərbaycandilli resurslarla bağlı fikirlərini xatırladaraq dini-ideoloji təhdidlərin ilk növbədə Cənub istiqamətindən gəldiyini bildirib.

Deputatın fikrincə, siyasi-ideoloji təhdidlər isə Qərbdən və Şimaldan qaynaqlanır. Bunlar ilk baxışda siyasi görünməyən mədəni və hüquqi komponentlər vasitəsilə cəmiyyətə ötürülür və radikallaşmaya xidmət edir.

“Qərbdən gələn təsirlər daha çox hüquq və dəyərlər kontekstində təqdim olunur. İnsan hüquq və azadlıqları ətrafında süni bir burulğan yaradılır, Azərbaycan dövləti isə bunların olmamasında ittiham edilir. Cənubdan gələn dini-ideoloji təhdidlər inanc sistemimizin düzgün qorunmadığı, möminlərə qarşı müxtəlif məhdudiyyətlərin olduğu və insanların öz inanclarını azad şəkildə yaşaya bilmədikləri barədə iddialarla müşayiət olunur”, – o deyib.

Hikmət Babaoğlu Şimal istiqamətindən gələn təsirləri də təhlükəli hesab etdiyini bildirib. Onun fikrincə, bu təsirlər milli dövlətə və milli mədəniyyətə inamsızlıq yaratmaq, əldə olunan nailiyyətləri Azərbaycan dövləti ilə deyil, şimal qonşusu ilə əlaqələndirmək məqsədi daşıyır.

“Məsələn, Zəfərimizin müəlliflərindən biri kimi şimal qonşumuz göstərilir. İddia olunur ki, həmin ölkə göz yummasaydı, biz Qarabağ Zəfərini qazana bilməzdik. Bu cür yanlış düşüncələri Azərbaycan cəmiyyətinə ötürməklə dövlətlə vətəndaş arasında etimadsızlıq mühiti yaradırlar. Bu üç istiqamət bu gün Azərbaycana qarşı dini-ideoloji və siyasi-ideoloji təhdidlərin mənbələridir. Onların adlarını da açıq şəkildə demək lazımdır: Qərb, Rusiya və İran”, – deputat vurğulayıb.

“Konsepsiya konkret vəzifələri müəyyənləşdirən doktrinaya çevrilməlidir”

Təhdidlərə qarşı mübarizə üsullarından danışan Hikmət Babaoğlu hesab edir ki, bu istiqamətdə sistemli fəaliyyət hələ formalaşmayıb. Buna görə də “əlavə addımlar” ifadəsindən əvvəl ilkin addımların müəyyənləşdirilməsi vacibdir.

O bildirib ki, Prezidentin çağırışından sonra məsələni gündəmdə saxlamaq üçün qısa və epizodik cəhdlər müşahidə olunur. Lakin siyasi-ideoloji və dini-ideoloji təhlükəsizlik məsələləri üzrə vahid konsepsiyanın hazırlanması zəruridir.

“Konsepsiyanı yaratmaq da kifayət deyil. Onu strateji doktrinaya çevirmək lazımdır. Konsepsiya ümumi müddəaların, baxışların və mübarizə üsullarının məcmusudur. Doktrina isə konkret tapşırıqları müəyyənləşdirir: hansı məqsədlər nəzərdə tutulur, bu məqsədlər nə üçün müəyyənləşdirilib və onları kim həyata keçirəcək? Bunlar bəndlər və paraqraflar üzrə dəqiq göstərilməlidir”, – deputat qeyd edib.

Onun fikrincə, mübarizə bu səviyyəyə qaldırılmadıqca təhdidlər mövcud olacaq və getdikcə artacaq.

Hikmət Babaoğlu tarixi təcrübəyə istinad edərək dini milliyyətçiliyin panzehərinin dövlət milliyyətçiliyi olduğunu söyləyib. O, bunun etnik milliyyətçiliklə qarışdırılmamalı olduğunu vurğulayıb.

“Hər bir vətəndaş dövlət milliyyətçisi olmalıdır ki, radikal dini qruplara qarşı mübarizə apara bilsin. Amma biz həmişə cümləni belə qururuq: qarşı mübarizə aparaq. Bu, müdafiə strategiyasıdır. Halbuki hücum taktikasını da seçməliyik. Həmişə müdafiə olunsaq, elə müdafiədə də qalacağıq”, – o bildirib.

Deputatın sözlərinə görə, Azərbaycana ixrac edilən radikal dini və siyasi ideologiyalara qarşı hücum strategiyası müəyyənləşdirilməli, preventiv və proaktiv tədbirlər görülməlidir. Mübarizə bu istiqamətlər üzrə təşkil olunmalıdır.

O, Azərbaycanın kiçik ölkə olması və resurslarının məhdudluğu barədə yanaşmalarla razılaşmadığını da bildirib:

“Bəzən bizə elə gəlir ki, kiçik ölkəyik, resurslarımız yoxdur. İntellektual və insan resurslarımızın olmadığını düşünür, bunu edə bilməyəcəyimizi deyirik. Məncə, bu işi həyata keçirmək üçün yaxşı nümunələr var və biz də bunu edə bilərik. Sadəcə, işi düzgün təşkil etmək lazımdır. Mübarizə dini-ideoloji və siyasi-ideoloji təhdidlərə qarşı dövlətçilik təəssübkeşliyi ilə çıxış etməkdən ibarətdir”.

“Dövlətçilik və milli kimlik əsas dayaq olmalıdır”

Hikmət Babaoğlu bildirib ki, sosiologiyada cəmiyyəti yönləndirmək üçün insanların milli və dini hisslərindən istifadə olunmasına diqqət yetirilir. Onun sözlərinə görə, bu iki hiss müxtəlif məqsədlər naminə istismar edilə və cəmiyyəti istiqamətləndirmək üçün mühüm vasitəyə çevrilə bilər.

Deputat hesab edir ki, milli dövlət dini hisslərin və dini həssaslığın milli hisslərdən və milli həssaslıqdan üstün mövqeyə keçməsinə imkan verməməlidir.

“Cəmiyyətdə milli dövlət, milli dövlətçilik, milli kimlik, mədəni kimlik və dil kimliyi daim üstün mövqedə olmalıdır. Yalnız bu halda həmin cərəyanların hər birinə qarşı təsirli mübarizə təşkil etmək mümkündür. Ona görə də uzunmüddətli perspektivdə milli şüurun və milli kimliyin keyfiyyətinə yenidən baxmalıyıq”, – o vurğulayıb.

Hikmət Babaoğlu Prezidentin tarixi Zəfərdən sonra Azərbaycan xalqının döyüşkən, vuruşqan, qalib və güclü xalq olduğunu dəfələrlə vurğuladığını xatırladıb. Bununla belə, deputat ölkənin ideoloji, siyasi, maarifləndirmə və sosial institutlarının bu çağırışa yetərli cavab vermədiyini düşünür.

“Sanki bütün bu institutlar hesab edirlər ki, Prezident dedi, biz də təkrar etdik və əl çaldıq. Məsələ belə deyil. Bunun konsepsiyasını yaradıb milli düşüncə tərzinə, milli mentalitetə və həyat tərzinə çevirmək lazımdır. Biz Prezidentin təsvir etdiyi döyüşkən, güclü, qalib, fərariliyə yol verməyən və vətənpərvər xalq olduğumuzu həyatımızda da göstərməliyik”, – deputat deyib.

O qeyd edib ki, Prezidentin tezisləri milli mentalitetə çevrilmədiyi müddətdə fəaliyyət epizodik xarakter daşıyacaq. Məsələlər vaxtaşırı gündəmə gətiriləcək, kampaniya bitdikdən sonra isə yenidən əvvəlki vəziyyətə qayıdılacaq. Deputat bunu ciddi risk kimi qiymətləndirib.

“Gücün ilk mənbəyi intellekt və azərbaycançılıqdır”

Hikmət Babaoğlu Prezidentin VIII Qurultayda yalnız ideoloji təxribatlara qarşı mübarizənin deyil, bütövlükdə Azərbaycanın gələcəyinin konsepsiyasını təqdim etdiyini bildirib. Onun fikrincə, həmin konsepsiyanın əsas paradiqması gücdür.

Deputat qeyd edib ki, güc ümumi anlayışdır və cəmiyyətin müxtəlif institutlarının vəzifəsi onun ayrı-ayrı komponentlərini izah etməkdir. Buraya ideoloji güc, milli güc, mədəni güc, dilin gücü, ictimai həmrəyliyin gücü, vətənpərvərliyin gücü və mənəvi güc daxildir.

“Gücü müxtəlif komponentlərə bölməli və güclü olmaq üçün hər bir komponent üzrə müxtəlif yaş qrupları ilə ayrıca iş aparmalıyıq. Gücün birinci mənbəyi beyindir. İlkin güc intellektual gücdür, milli kimliyin gücüdür, sosial identikliyin gücüdür, azərbaycançılığın gücüdür”, – o söyləyib.

Hikmət Babaoğlu Azərbaycanın bütün vətəndaşlarını birləşdirən azərbaycançılığın mühüm güc mənbəyi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gücün nə qədər böyük vasitə olduğu Qarabağ savaşında həm nümayiş etdirilib, həm də sübuta yetirilib.

Deputat Prezidentin VIII Qurultayda Heydər Əliyev ideyalarının yaşadığını bildirməsinə də diqqət çəkib. O, azərbaycançılığı milli həmrəyliyi və dövlətçilik ideologiyasını təmin edən əsas amil kimi qiymətləndirib.

“Ulu Öndər Heydər Əliyev bunu çox aydın şəkildə izah edib: azərbaycançılıq Azərbaycan tarixinə, mədəniyyətinə və dilinə sahib çıxmaq, cəmiyyətin dəyərlərini qorumaq, eyni zamanda Qərbdən gələn universal dəyərləri mənimsəyərək cəmiyyəti inkişaf etdirməkdir. Konsepsiya budur. Azərbaycan Prezidenti də məhz bunu dedi. İndi isə yeni çağırışlar kontekstində bu konsepsiyanı daha da yeniləşdirib cəmiyyətə təqdim etməliyik”, – Hikmət Babaoğlu bildirib.

Onun fikrincə, bu məsələdə bütün siyasi partiyalar məsuliyyət daşıyır. Partiyaların əsas vəzifəsi ideoloji təxribatlara qarşı siyasi şüuru qorumaq, milli şüuru və azərbaycançılıq şüurunu inkişaf etdirmək, bunları cəmiyyətin ümumi düşüncəsinə çevirmək olmalıdır. Deputat bu sahədə də vəziyyətin arzuolunan səviyyədə olmadığını qeyd edib.

“Maarifləndirmə institusional səviyyədə bərpa edilməlidir”

Dövlət başçısının göstərdiyi istiqamətlərə uyğun gözlənilən addımlardan danışan Hikmət Babaoğlu mövzunun media vasitəsilə daim ictimai gündəmdə saxlanılmasını ilkin fəaliyyət kimi qiymətləndirib.

O hesab edir ki, vətəndaş cəmiyyəti institutlarından tutmuş təhsil sisteminə qədər bütün strukturlar bu prosesə cəlb olunmalıdır. Prezidentin təhsili xüsusi vurğuladığını xatırladan deputat maarifləndirmə institutlarının da fəaliyyətə qoşulmalı, zərurət olduqda yenilərinin yaradılmalı olduğunu deyib.

“Biz bu gün maarifləndirməyə bir institut kimi baxmırıq. Sovet dövründən sonra ideoloji maarifləndirmə institusional səviyyəsini itirib və dağılıb. Onu yenidən bərpa etmək lazımdır. Görüləsi işlər çoxdur və gecikməmək üçün dərhal fəaliyyətə başlamaq lazımdır”, – o vurğulayıb.

Deputatın fikrincə, milli təfəkkürü müəyyənləşdirən əsas amillər tarixi, mədəni və dil təfəkkürüdür. O hesab edir ki, hətta akademik səviyyədə belə əcdadlarımızın Qarabağda, Şərqi və Qərbi Zəngəzurda, Göyçədə, Dərələyəzdə, Ağbabada və İrəvanda yaratdığı xristian mədəniyyəti, həmin mədəniyyətin dili və mənsubiyyəti barədə aydın təsəvvür yoxdur.

“Belə olan halda mədəni kimliyimizi necə qorumalıyıq? Mədəni kimliyi və tarixi təfəkkürü qorumaq sizə qarşı hücum edənə sadəcə ‘Yalan deyirsən’ söyləmək deyil. Qarşı tərəfə bunu arqumentlərlə, faktlarla və mənbələrlə izah etməkdir”, – Hikmət Babaoğlu bildirib.

O əlavə edib ki, dini-ideoloji və siyasi-ideoloji təxribatlara qarşı mübarizə aparmaq həmin təxribatlara eyni radikal mövqedən cavab vermək demək deyil. Əsas məqsəd cəmiyyətdə elə bir immunitet yaratmaqdır ki, bu təsirlərin Azərbaycanda kök salmasına imkan qalmasın.

Deputat Azərbaycanın düzgün yolda olduğunu düşündüyünü, zəruri addımların nəticə verməsinin vaxt aparacağını, lakin ölkənin güclü olmağa borclu olduğunu vurğulayıb.

“İdeoloji təhlükəsizlik gələcək nəsillərin təhlükəsizliyi ilə bağlıdır”

Hikmət Babaoğlu açıqlamasında Ermənistanla münasibətlərə də toxunub. O, Ermənistan dövlətçiliyinin tarixinin təqribən yüz il olduğunu, 1918-ci ildə Azərbaycan torpaqlarında dövlət yaradıldığını bildirib. Deputatın fikrincə, yüz ildən artıq davam edən münasibətlər əsasən müharibələr tarixi ilə səciyyələnir.

“İstənilən sülh dövrü növbəti müharibəyə hazırlıq dövrüdür. Bunu belə qəbul etməliyik. Azərbaycan Prezidenti də deyirdi ki, biz Ermənistandan on dəfə güclü olmalıyıq”, – o qeyd edib.

Deputat Ermənistanın tarixi adlandırılması ilə bağlı fikirlərini də bölüşüb. O iddia edib ki, 1918-ci ildə Ararat Respublikası, daha sonra Hayk Respublikası adlarından istifadə olunub, sonradan rusların təkidi ilə Armeniya adı qəbul edilib. Bununla belə, ölkə erməni dilində Hayastan adlandırılıb və bu ad bu gün də saxlanılır.

“Biz Ərməniyyəni və Ərmən tarixini milli yaddaşımızın bir parçasına çevirməliyik, çünki o bizimdir. Albaniyanı da, Ağvaniyanı da özümüzünkü kimi dərk etməliyik. Daha doğrusu, özümüzə məxsus olanı yenidən dərk etməli, bunun bizə aid olduğuna həm özümüzü, həm də dünyanı inandırmalıyıq”, – Hikmət Babaoğlu söyləyib.

O hesab edir ki, ideoloji təxribatlar nəticəsində zəifləyə biləcək Azərbaycana qarşı düşmənin hazır dayandığı nəzərə alınmalıdır. Deputat Prezidentin Ermənistandan dəfələrlə güclü olmaq barədə fikirlərini də bu təhlükə ilə əlaqələndirib.

“Çünki zəifləyən kimi, Prezidentin ifadə etdiyi kimi, həmin xəncər, həmin bıçaq arxadan bizə saplanacaq. İdeoloji təhlükəsizliyimiz, o cümlədən dini-ideoloji təhlükəsizliyimiz bununla əlaqədardır”, – o bildirib.

Hikmət Babaoğlu iddia edib ki, Cənubdan gələn ideoloji təxribatlar, İrandan qaynaqlanan radikal məzhəbçilik və başqa mənbələrdən gündəmə gətirilən başörtüyü məsələsi gələcəkdə Ermənistan qarşısında zəif Azərbaycan formalaşdırmağa xidmət edir.

“Bu, həyəcan təbilidir. Övladlarımızın gələcəkdə sülh şəraitində yaşamasını, güclü dövlətin vətəndaşları olmasını istəyiriksə, bütün bunlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan Prezidentinin bu çağırışına hər birimiz, cəmiyyətin ən aşağı səviyyəli institutlarından ən yuxarı səviyyəli institutlarına qədər hamımız birlikdə cavab verməli və bu istiqamətdə əlimizdən gələni əsirgəməməliyik”, – deputat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR