Bank Of Baku

Lənkəranda AzərTürkDiab Regional Diabet Texnologiyaları Simpoziumu keçirilib

Lənkəranda AzərTürkDiab Regional Diabet Texnologiyaları Simpoziumu keçirilib
# 10 oktyabr 2026 10:37 (UTC +04:00)

Oktyabrın 9–10-da Lənkəran şəhərində Azərbaycan Diabet Liqası və Türkiyə Diabet Vəqfinin təşkilatçılığı, Yaşa Hospitalın dəstəyi ilə I AzərTürkDiab Regional Diabet Texnologiyaları Simpoziumu təşkil olunub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, iki gün davam edən tədbirin əsas məqsədi şəkərli diabetin müasir diaqnostika və müalicə imkanlarının tanıdılması, qabaqcıl tibbi texnologiyaların regionlarda tətbiqinin genişləndirilməsi, həkimlərin peşəkar biliklərinin artırılması və Azərbaycan–Türkiyə səhiyyə əməkdaşlığının gücləndirilməsi olub.

Simpozium çərçivəsində 1-ci tip şəkərli diabetlə yaşayan uşaqlara müasir qlükoza monitorinqi sistemləri ödənişsiz təqdim edilib.

Praktiki proqram zamanı regionda yaşayan 1-ci tip şəkərli diabetli uşaqlar üçün davamlı qlükoza monitorinqi (CGM) sistemlərinin tətbiqi həyata keçirilib. Təxminən 25 uşağa bu sistemlər ödənişsiz təqdim olunub.

Müasir monitorinq sistemləri qlükoza səviyyəsinin gün ərzində davamlı izlənilməsinə, göstəricilərin mobil telefon vasitəsilə nəzarətdə saxlanılmasına, təhlükəli yüksəlmə və enmələr barədə xəbərdarlıqların alınmasına imkan yaradır. Bu texnologiyalar xüsusilə uşaqların gündəlik həyatının asanlaşdırılması, valideynlərin narahatlığının azaldılması və diabetin daha effektiv idarə olunması baxımından əhəmiyyətlidir.

Proqram çərçivəsində, həmçinin bir uşağa avtomatlaşdırılmış insulin çatdırılması sisteminin — süni mədəaltı vəzi prinsipi ilə işləyən müasir texnologiyanın — ödənişsiz tətbiqi nəzərdə tutulub.

Tədbirin praktiki hissəsində Florence Nightingale Xəstəxanalar Qrupunun mütəxəssislərinin iştirakı ilə təlimlər və peşəkar təcrübə mübadiləsi də təşkil edilib.

Oktyabrın 10-da Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində simpoziumun elmi proqramı keçirilib.

Simpoziumun açılış mərasimində tədbirin sədri, Referans Endokrin və Cərrahi Mərkəzinin baş həkimi Nərmin İsmayılova, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Mahmudov, Türkiyə Diabet Vəqfinin qurucusu, Acıbadem Universitetinin Diabet Araşdırma və Tətbiq Mərkəzinin rəhbəri professor doktor Temel Yılmaz, Azərbaycan Diabet Liqasının sədri doktor Yeganə Sultanova və Florence Nightingale Xəstəxanalar Qrupu ilə Demiroğlu Bilim Universitetinin Azərbaycan nümayəndəliyinin rəhbəri Taha Mahmudov çıxış ediblər.

Çıxışlarda şəkərli diabetin müasir səhiyyənin əsas çağırışlarından biri olduğu, xəstəliyin idarə edilməsində innovativ texnologiyaların, erkən diaqnostikanın, elmi əsaslı klinik yanaşmaların və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tibb elmləri doktoru Rəşad Mahmudov çıxışında Azərbaycanda səhiyyə sisteminin modernləşdirilməsi, icbari tibbi sığortanın tətbiqi, tibbi infrastrukturun inkişafı, regionlarda keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın genişləndirilməsi və yeni tibbi texnologiyaların ölkəmizə gətirilməsinin əhəmiyyətindən bəhs edib.

O, müasir tibbin əsas hədəfinin yalnız xəstəlikləri müalicə etmək deyil, həm də onların ağırlaşmalarının qarşısını almaq, insanların həyat keyfiyyətini yüksəltmək və elmi yenilikləri hər bir vətəndaş üçün əlçatan etmək olduğunu diqqətə çatdırıb.

Simpoziumun elmi sessiyalarında davamlı qlükoza monitorinqi, insulin pompaları, avtomatlaşdırılmış insulin çatdırılması sistemləri, süni intellektin diabetin idarə olunmasında rolu, diabetin ürək-damar və digər orqan sistemlərinə təsiri, eləcə də klinik protokolların gündəlik tibbi qərarlarda düzgün tətbiqi mövzuları müzakirə olunub.

Rəşad Mahmudovun “Diabet və kardiovaskulyar xəstəliklər: klinik protokoldan klinik qərara gedən yol” mövzusunda elmi məruzəsində şəkərli diabetli xəstələrdə ürək-damar xəstəliklərinin müalicə strategiyaları, sübutlu təbabətin əhəmiyyəti, dərman müalicəsi, koronar stentləmə və cərrahi revaskulyarizasiya qərarlarının fərdi klinik vəziyyətə uyğun verilməsi məsələləri ön plana çəkilib.

Tədbirdə Azərbaycan və Türkiyədən olan endokrinoloqlar, kardioloqlar, terapevtlər və digər ixtisaslar üzrə mütəxəssislər iştirak edərək qarşılıqlı təcrübə mübadiləsi aparıblar.

Simpoziumun mühüm xüsusiyyətlərindən biri onun elmi proqramla yanaşı, konkret sosial və humanitar təşəbbüslərlə müşayiət olunmasıdır. Xüsusilə 1-ci tip diabetlə yaşayan uşaqlara müasir monitorinq sistemlərinin təqdim edilməsi səhiyyə texnologiyalarının insanların gündəlik həyatına birbaşa müsbət təsirinin nümunəsi kimi qiymətləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR