Bank Of Baku

Məktəblərdə vahid geyim sosial bərabərliyə xidmət edir, ictimai asayişin pozulması yolverilməzdir - RƏY

Məktəblərdə vahid geyim sosial bərabərliyə xidmət edir, ictimai asayişin pozulması yolverilməzdir - RƏY
# 12 oktyabr 2026 17:53 (UTC +04:00)

Məktəblərdə vahid geyim qaydaları sosial bərabərliyə xidmət edir, təhsil müəssisələrində zorakılıq və ictimai asayişin pozulması yolverilməzdir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, orta ümumtəhsil məktəblərində şagird və müəllimlərin geyim qaydaları ilə bağlı müzakirələrə məhz təhsil mühiti və dövlət ümumi təhsil müəssisələrində vahid yanaşmanın formalaşdırılması kontekstində baxılmalıdır: “Məktəblərdə vahid geyim və forma tələbləri kollektivə aidlik, məsuliyyət və məktəb kimliyi hissinin formalaşmasına müsbət təsir göstərir. Məktəblər təkcə bilik və bacarıqların öyrədildiyi məkan deyil, həm də uşaqları və gəncləri birgə yaşamağa, qarşılıqlı hörmətə və ictimai məsuliyyətə hazırlayan mühüm sosial institutdur.Vahid məktəbli forması şagirdlər arasında sosial-iqtisadi fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, ayrı-seçkilik risklərini azaltmağa kömək edir. Bu baxımdan, geyim qaydaları yalnız zahiri görünüşlə bağlı məsələ deyil, həm də təhsil fəlsəfəsi, sosial adaptasiya və bərabər imkanların təşviqi ilə əlaqəlidir. Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının tətbiqi zamanı məqsəd aydın və vahid yanaşmanın təmin olunmasıdır. Müzakirələr də məhz orta məktəblərdə şagird və müəllimlər üçün müəyyənləşdirilən tələblər çərçivəsində aparılmalıdır”.

İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli APA-ya açıqlamasında bildirib ki, orta ümumtəhsil məktəblərində geyim qaydaları təhsil mühitinin nizamlanması və şagirdlər arasında bərabərliyin təşviqi baxımından əhəmiyyətlidir: “Vahid məktəbli forması uşaqlar arasında maddi imkan fərqlərinin zahiri görünüşdə ön plana çıxmasının qarşısını alır, məktəbə bağlılıq və kollektiv məsuliyyət hissini gücləndirir. Bu məsələyə yalnız geyim seçimi kimi deyil, həm də sosial uyğunlaşma və məktəb mədəniyyətinin formalaşması baxımından yanaşmaq lazımdır”.


Zorakılıq yolverilməzdir

Vüqar İskəndərov son günlər məktəblərlə bağlı yayılan hadisələrə də münasibət bildirib: “Təhsil müəssisələrində şüşə və qapıların sındırılması, məktəb əmlakına ziyan vurulması, işçilərə qarşı zorakılıq və tədris prosesinə maneçilik halları, dini şüarların səsləndirilməsi qəbuledilməzdir. Məktəblərdə əsas prioritet uşaqların təhlükəsizliyinin, tədrisin fasiləsizliyinin və qarşılıqlı hörmət mühitinin qorunması olmalıdır. Geyim qaydaları ətrafında fikir ayrılıqları qanunvericiliyə və ictimai asayişə uyğun şəkildə həll edilməlidir”.

Vüsalə Hüseynli də məktəblərlə bağlı baş verən zorakılıq hallarını qətiyyətlə pisləyib.: “Təhsil müəssisələrində qapı və şüşələrin sındırılması, məktəb əmlakına ziyan vurulması, müəllimlərə və digər əməkdaşlara qarşı zorakılıq göstərilməsi heç bir halda qəbul edilə bilməz. Məktəb uşaqların təhlükəsiz şəraitdə təhsil aldığı, müəllimlərin isə öz vəzifələrini maneəsiz yerinə yetirdiyi məkan olmalıdır. Bu cür hərəkətlər yalnız maddi zərərlə nəticələnmir, eyni zamanda şagirdlərdə qorxu yaradır, tədris prosesinə mane olur və məktəbdə sağlam mənəvi mühitə xələl gətirir. Ictimai asayişin pozulması və dini şüarlar vasitəsilə qarşıdurma, uşaqlardan belə niyyətlərlə istifadə cəhdləri yolverilməzdir. Məktəblərdə təhlükəsizliyin, qarşılıqlı hörmətin və nizam-intizamın qorunması hamının məsuliyyətidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR