Bank Of Baku

“Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində bu il 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiyaya cəlb olunub - FOTO

“Möcüzəli Naftalan" Sağlamlıq Mərkəzində bu il 1400-dən çox şəhid ailəsi üzvü və qazi reabilitasiyaya cəlb olunub - FOTO
# 20 iyul 2026 18:03 (UTC +04:00)

Naftalan şəhərində yerləşən “Möcüzəli Naftalan” Sağlamlıq Mərkəzinə media-tur təşkil olunub.

APA-nın qərb bürosu xəbər verir ki, media nümayəndələrinə sağlamlıq mərkəzi barədə məlumat verilib.

“Möcüzəli Naftalan” sağlamlıq mərkəzinin rəhbəri və təsisçisi Qoca Əmiraslanov media nümayəndələrinə bildirib ki, müasir tibbi avadanlıqlarla təchiz olunmuş, peşəkar və yüksək ixtisaslı həkim kollektivi ilə fəaliyyət göstərən bu sağlamlıq mərkəzi şəhid ailələrinin üzvləri, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının reabilitasiyası sahəsində ixtisaslaşmış aparıcı müəssisələrindən sayılır.

Məlumata görə, burada döyüşlər zamanı yaralanmış və müxtəlif xəsarətlər almış qazilərin, digər imtiyazlı şəxslərin sağlamlıqlarının bərpası istiqamətində müasir tibbi yanaşmalar əsasında effektiv müalicə və reabilitasiya xidmətləri göstərilir.

Qoca Əmiraslanovun sözlərinə görə, sağlamlıq mərkəzində hazırda 200 nəfərə yaxın şəxs müalicə alır.

2026-cı ilin əvvəlindən indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə qəbul olunan 1400-dən artıq şəhid ailəsinin üzvü və qazi əvvəlcə hərtərəfli tibbi müayinədən keçirilib, daha sonra onların sağlamlıq vəziyyətinə uyğun fərdi müalicə və reabilitasiya proqramı müəyyən edilib. Cari ilin sonunadək bu prosesin davam etdirilməsi nəzərdə tutulub.

O da qeyd edilib ki, müalicə kursu 14 gün davam edir.

Mərkəzdə əsasən dayaq-hərəkət sistemi, oynaq və digər əlaqəli xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi həyata keçirilir. Müalicə proqramına masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, ozonoterapiya, hidrokolonoterapiya, eləcə də müalicəvi təsiri ilə tanınan Naftalan neft vannaları daxildir.

Sağlamlıq Mərkəzində həyata keçirilən reabilitasiya tədbirləri pasiyentlərin funksional imkanlarının bərpasına, gündəlik həyat fəaliyyətinə qayıtmalarına və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR