Kürdəmir rayonunda qurulan müəssisədə avtomobil təmiri xidmətləri göstəriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “PeşəCar” layihəsi üzrə növbəti klaster müəssisə istifadəyə verilib.
Bildirilib ki, Kürdəmir rayonunda yaradılan yeni müəssisə özünüməşğulluq proqramı çərçivəsində avtomobil təmiri sahəsi üzrə aktivlərlə təmin olunmuş şəxslərin eyni məkanda birgə fəaliyyəti üçün nəzərdə tutulub. Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə istifadəyə verilmiş müəssisədə avtorəngsaz, avtotəmizləmə, avtorazval, avtodəmirçi, avtoçilingər, avtomobil şinlərinin bərpası və təmiri üzrə xidmətlər göstəriləcək.
Qeyd edilib ki, “PeşəCar” layihəsi çərçivəsində ilk klaster müəssisə ötən il Oğuz rayonunda istifadəyə verilib.