Bank Of Baku

Qubada qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır, keramika fraqmentləri tapılıb - FOTO

Qubada qədim yaşayış yerində arxeoloji tədqiqatlar aparılır, keramika fraqmentləri tapılıb - FOTO
# 10 avqust 2026 19:27 (UTC +04:00)

Quba rayonunun Sırt Çiçi kəndində qədim yaşayış məskənlərinin və arxeoloji abidələrin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

APA-nın Şimal bürosunun xəbərinə görə, Milli Azərbaycan Tarixi Muzeyinin böyük elmi işçisi, ekspedisiya rəhbəri Laçın Mustafayev bildirib ki, Sırt Çiçi kəndindən daxil olan vətəndaş müraciəti əsasında 10 iyulda Qalagah-I yaşayış yerinə baxış keçirilib. Ərazidə aparılan yerüstü kəşfiyyat zamanı keramika fraqmentləri toplanıb.

Onun sözlərinə görə, Qalagah-I yaşayış yeri ilk dəfə ötən əsrin 60-cı illərində qeydə alınıb və eramızın I minilliyinin birinci yarısına aid edilir. Abidə kəndin şimal-qərbində, hündür zirvəlikdə yerləşir. Bir neçə təpənin üzərində yerləşən yaşayış yeri geniş ərazini əhatə edir.

Mütəxəssisin sözlərinə görə, Sırt Çiçi kəndinin müxtəlif ərazilərindən də tez-tez tarixi əşyalar aşkarlanır. Kənd sakinlərinin verdiyi məlumata əsasən, belə materialların bir hissəsi kənd təsərrüfatı işləri və təbii proseslər, o cümlədən yağışlar zamanı üzə çıxır.

Laçın Mustafayev qeyd edib ki, aşkarlanan materiallar və aparılan müşahidələr Sırt Çiçi kəndinin zəngin maddi irsi və qədim tarixindən xəbər verir. Gələcəkdə bu ərazilərdə yerləşən arxeoloji abidələrin ətraflı və kompleks şəkildə tədqiqi bölgənin tarixinin öyrənilməsinə mühüm töhfələr verə bilər.

Qeyd edək ki, Qubada arxeoloji tədqiqatlar yalnız Sırt Çiçi kəndi ilə məhdudlaşmır. Səbətlər kəndində yerləşən son antik və orta əsrlər dövrünə aid Təhməzi yaşayış yerində də arxeoloji qazıntılar aparılıb. Burada keramika fraqmentləri, daş alətlər, tikili qalıqları və digər arxeoloji materiallar aşkarlanıb.

Təhməzi abidəsində aparılan qazıntılarla yanaşı, rayonun ətraf kəndlərində yerüstü kəşfiyyat işləri və arxeoloji abidələrə baxışlar da davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR