Azərbaycan BMT-nin dəyərli tərəfdaşıdır.
APA xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Dmitro Şlapaçenko BMT-nin yaranmasının 81-ci ildönümü və BMT Nizamnaməsinin ratifikasiyasına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Azərbaycanda mənim ilk BMT Günümü sizinlə birlikdə qeyd etmək xüsusi məna daşıyır. Azərbaycan çoxtərəfli diplomatiyanı və beynəlxalq əməkdaşlığı ardıcıl şəkildə təşviq edən, BMT-nin dəyərli tərəfdaşı olan ölkədir”, – Şlapaçenko vurğulayıb.
O, Azərbaycanın beynəlxalq əməkdaşlığın inkişafına verdiyi önəmi vurğulayaraq bildirib ki, münaqişələrin, bərabərsizliyin, iqlim dəyişikliyinin və sürətli texnoloji transformasiyanın yaratdığı çağırışlar qarşısında beynəlxalq həmrəyliyə ehtiyac daha da artıb.
BMT rəsmisinin sözlərinə görə, bu çağırışların həlli üçün daha təkmil, səmərəli və inklüziv çoxtərəfli əməkdaşlıq modelinə ehtiyac var. Belə bir model daha geniş təmsilçiliyi təmin etməli və dünyanın müxtəlif bölgələrində insanların həyatını yaxşılaşdıran nəticələrə gətirib çıxarmalıdır.