Qəbələ-Laza avtomobil yolunu sel basıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, son iki gündə Qəbələ rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları nəticəsində Qəbələ-Laza avtomobil yolunda fəsadlar yaranıb.
Sel suları avtomobil yolunun müəyyən hissələrini yuyub, yol yararsız hala düşüb, nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Hazırda aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, yolun bərpası istiqamətində işlər aparılır.
Mövcud vəziyyətlə əlaqədar Laza kəndinə gediş-gəliş alternativ yolla həyata keçirilir. Yaxın günlərdə yolun yenidən bərpa olunacağı gözlənilir.